ABŞ və İran arasında uzun müddətdir davam edən nüvə danışıqlarında irəliləyiş əldə olunduğu bildirilir.
KONKRET.az xəbər verir ki, “Axios” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər “qarşılıqlı anlaşma memorandumu” üzrə mətnin əsas hissələrini razılaşdırıblar, lakin sənəd hələlik yekun təsdiq mərhələsindədir.
Məlumata əsasən, İran nüvə silahı əldə etməyəcəyini öhdəsinə götürür və zənginləşdirilmiş uran məsələsinin tənzimlənməsi üzərində işləyəcək.
ABŞ-ın yüksək rütbəli rəsmilərindən birinin sözlərinə görə, Donald Tramp uranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında aşağı səviyyədə zənginləşdirilməsi variantını mümkün həll yolu kimi qəbul edib.
Memorandumda qeyd olunur ki, İranın nüvə proqramı ilə bağlı hər hansı əlavə addımlar yalnız ikinci bir saziş imzalandıqdan sonra həyata keçirilə bilər.
Axios bu mərhələnin əldə olunmasını “çətin” hesab edir. Sənədə görə, Hörmüz boğazı dərhal gəmiçilik üçün açılacaq və tranzit ödənişləri ləğv ediləcək. Nəqliyyat həcminin 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə çatdırılması nəzərdə tutulur. Bunun qarşılığında ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanı yumşaldacağı bildirilir.
Eyni zamanda, razılaşma çərçivəsində İranın neft satışına 60 gün müddətinə müəyyən məhdudiyyətlərin yumşaldılması da nəzərdən keçirilir. Daha sonra tərəflərin “öhdəliklərin yerinə yetirilməsi”nə görə sanksiyaların mərhələli şəkildə azaldılması planlaşdırılır.
Müşviq Tofiqoğlu
KONKRET.az
