Azərbaycanda xarici qeydiyyat nömrələri olan avtomobillər qanunsuz sərnişindaşınma ilə məşğul olur. Xarici nömrə nişanlı mikroavtobus və taksi sürücüsü insanların avtovağzallardan kənar ərazilərdən regionlara və əks istiqamətə daşınması ilə məşğuldur. Oxşar fəaliyyətlər, 2019-cu ilin sentyabr ayının sonunda istifadəyə verilən və təhlükəsiz sərnişin daşınmasını təmin etmək üçün yaradılan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi yaxınlığında da geniş yayılıb.
KONKRE.az xəbər verir ki, nəqliyyat üzr ekspert Elməddin Muradlı sərnişindaşıma ilə məşğul olan xarici nömrə nişanlı taksi və mikroavtobusların turizm məqsədləri üçün istifadə edildiyini açıqlayıb. Ekspert Azərbaycanda idarə edilən belə avtomobillərin əsasən Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillər olduğunu bildirib:
“Azərbaycanda qanunvericiliklə xarici nömrə nişanlı avtomobillərin taksi fəaliyyəti ilə məşğul olması qadağandır. Ümumiyyətlə belə avtomobillərin sərnişindaşıma fəaliyyətinin göstərməsi qadağan edilir. Təəssüflər olsun ki, son vaxtlar, xüsusən Gürcüstan nömrə nişanlı avtomobillərlə taksi fəaliyyəti göstərən sürücülər var. Digər tərəfdən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobusları şəhərimizin yollarında görürük. Belə avtomobillər daha çox turizm potensialı məqsədilə istifadə edilir. Bir tərəfdən deyirik ki, köhnə avtomobillərlə taksi fəaliyyəti göstərməyin.Taksi fəaliyyəti ilə məşğul olanların 70-80 faizi gəliri aşağı olan insanlardır ki, onlar avtomobil almaq gücündə deyillər. Gömrük Komitəsinin tətbiq etdiyi gömrük rüsumları, əlavə dəyər vergisi yüksəkdir. Ona görə avtomobil sahibləri Gürcüstandan aldıqları avtomobili elə həmin dövlətin dövlət qeydiyyat nömrəsi ilə də sürürlər. Çünki, onlar Gürcüstandan 3-4 minə aldıqları avtomobili Azərbaycana gərtirənə qədər qiymət 10 min manata çatır. Yəni bu proses avtomobilin maya dəyərindən yüksək olur. Ona görə də insanlar həmin avtomobilləri məcburən Gürcüstan nömrələri ilə idarə edirlər”.
Ekspert həmçinin xarici nömrə nişanlı avtomobil idarə edən sürücülərin qarşılaşdığı problemlərdən və çıxış yollarından da danışıb:
“Biz həmişə nəticəni müzakirə edirik. Səbəbi kənara qoyuruq. Səbəbin də nə olduğunu danışmaq lazımdır. Səbəbi aradan qaldırsalar, düşünürəm belə hadisələr baş verməz. Artıq Dövlət Gömrük Komitəsi avtomobillərə qadağa tətbiq edib. Yəni xarici dövlət qeydiyyat nömrəli avtomobillər 3 aydan artıq ölkədə qala bilməz. Artıq Gürcüstan, Rusiya dövlət qeydiyyat nişanlı avtomobillərin sayında azalma var, onlara məhdudiyyət qoyulub. Bununla bərabər reallıqları da nəzərə almaq, düşünmək lazımdır. Məsələn, cənub bölgəsi İran nömrəli avtomobillərlə, Şimal rayonları Rusiya nömrəli avtomobillərlə doludur. Çünki, insanlar avtomobilləri gətirib dövlət qeydiyyatına salmağa pul tapmırlar, çətindir. Hamıının imkanı o səviyyədə deyil. Bəziləri adının baş hərfi ilə gəldiyi üçün dəb olaraq belə avtomobilləri sürür.
Elməddin Muradlı hesab edir ki, Azərbaycanda avtomobil sənayesini inkişaf etdirmək lazımdır.
sonxeber.az
