Hədəfə çatdıq: “Azərbaycan öz ərazilərində təbii sərvətlərinin tam sahibi olacaq” – ƏTRAFLIbackend

Hədəfə çatdıq: "Azərbaycan öz ərazilərində təbii sərvətlərinin tam sahibi olacaq" - ƏTRAFLI

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşün keçirilməsi müsbət mənada böyük əks-səda yaradıb. Görüş zamanı Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizə reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmasların davam etdiriləcəyi vurğulanıb. İndi hər kəsi bir sual maraqlandırır. Görəsən bu görüşlər necə nəticə verəcək? Azərbaycanın tələbləri yerinə yetiriləcəkmi? Görüşlər fonunda ekofəallarımızın aksiyası sona yetə bilərmi? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, Azərbaycan dəfələrlə Qarabağda yaşayan vətəndaşlarımızla istənilən danışıqları aparmağa hazır olduğunu bəyan edib: “Biz separatçılarla və etnik terrorçuluq törədən quldurlarla ünsiyyət qurmuruq və onları leqal tərəf kimi tanımırıq. Amma Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları olmalıdırlar. Onlara qarşı uzun illər müxtəlif basqılar həyata keçirilib. Separatçılar və onların havadarları Qarabağda yaşayan ermənilərdən Azərbaycana qarşı siyasi oyuncaq kimi istifadə etməyə çalışıb. Bu baxımdan rəsmi Bakının ermənilərlə danışıqları labüd idi. Çünki 10 noyabr Bəyanatının üzərindən xeyli müddət keçib.

Həmçinin ortada Ermənistanın təxribatları üzündən gerçəkləşməyən Soçi və Praqa bəyanatları var. Eyni zamanda gələn il Rusiya sülhməramlılarının fəaliyyət müddəti başa çatır. Belə olan təqdirdə Azərbaycan mütləq orada yaşayan ermənilərlə hansısa formada danışıqlar aparmalı idi. Onların Azərbaycan dövlətinə və cəmiyyətinə reinteqrasiyası üçün bu danışıqların aparılması labüddür. Rusiya sülhməramlılarının nəzarəti altında belə danışıqların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Ramin Məmmədov beynəlxalq münasibətlər sahəsində təcrübəsi olan millət vəkilidir. Ona görə də, bundan sonra ermənilərlə danışıqların uğurla davam edəcəyini düşünürəm. İstənilən halda vaxt daralır və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, separatçı ünsürlərin həmin prosesdən tamamilə kənarlaşdırılması üçün danışıqların aparılması çox vacibdir”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Politoloq əlavə edib ki, Laçındakı ekofəallarımızın aksiyası artıq öz hədəflərinə çatır: “Nəzərə almaq lazımdır ki, Qarabağda təbii sərvətlərimizi qanunsuz istismar edən “Beyz Metals” şirkətinin özbaşınalığının qarşısı alınıb. Bundan sonra əsasə məqsəd Azərbaycan mülki müşahidə missiyasının həmin ərazilərdə fəaliyyət göstərməsinin təmin olunmasıdır. Bu danışıqlar konteksində Azərbaycanın müşahidə missiyaları həmin ərazilərdə qanunsuz istismar nəticəsində dəyən ekoloji zərəri yerində araşdıracaqlar. Həmçinin bu gün  Azərbaycan Ermənistanın bir çox cinayətləri üzrə beynəlxalq iddialar qaldırıb. Hesab edirəm ki, ekofəalların aksiyasındakı tələblərdən olan müşahidə missiyasının davam etdirilməsi prosesi də reallaşacaq. Azərbaycanın mülki müşahidə missiyasının və müxtəlif qurumlarının nümayəndələrinin da həmin görüşdə iştirakı onu göstərir ki, yaxın zamanlarda artıq rəsmi Bakı öz ərazilərində təbii sərvətlərinin tam sahibi olacaq. Bu prosesə qarşı hansısa qeyri-leqal müdaxilələrin qarşısı alınacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*