backend

Həftə sonları evə qapanma hansı effekti verir?

Həkim: “Mən xüsusi bir effekt görmürəm”

Hökumət həftə sonları böyük şəhərlərdə və bəzi rayonlarda sərt karantin rejiminin tətbiqi praktikasını davam etdirir. Növbəti qərara əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

KONKRET.az xəbər verir ki, hələ də hər kəsin başa düşəcəyi tərzdə izah verilməyib ki, həftə ortası normal həyat və fəaliyyətdən sonra həftənin sonunda iki gün evə qapanmaq hansı effekti verir? Bu metod yoluxmanı gerçəkdən azaldırmı?

İqtisadçı ekspert Samir Əliyev qeyd etdi ki, bu metod Türkiyədə tətbiq edilib:

“Mən hər zaman istənilən xoş təcrübənin tətbiqinin tərəfdarıyam. Lakin bu təcrübələr yerli şərait nəzərə alınmaqla tətbiq olunmalıdır. Bu mexanizmin tərəfdarı deyiləm, mən selektiv – ünvanlı yanaşmanın tərəfdarıyam. Ünvanlı yanaşma odur ki, insanların bir yerə daha çox toplaşdığı məkanlar bağlanır. Məsələn, insanlar parkda gəzsinlər, lakin parkın daxilində fəaliyyət göstərən kafe, restoran və çayxanalara toplaşmasınlar. Bahalı restoranlar var ki, orada sosial məsafə də qorunur, gigiyena qaydalarına da lazımı formada əməl olunur.”

Ekspert vurğulad ki, “McDonalds”, KFC  kimi məkanları bağlamaq lazımdır, çünki həmin məkanlarda insanlar, necə deyərlər, bir-birinin ağzının içinə girir, heç bir məsafə gözlənilmədən əyləşirlər. Məsələnin iqtisadi tərəfinə gəlincə isə, S.Əliyev bildirdi ki, bu metod iqtisadi baxımdan da çox pisdir:

“Onsuz da ilk dəfə karantin rejimi tətbiq olunanda ilk zərbə ictimai iaşə obyektlərinə dəymişdi. Bu obyektlər yenidən fəaliyyətə başlayırdı ki, təzədən belə bir məhdudiyyət tətbiq etdilər. İctimai iaşə obyektləri müştəriləri daha çox şənbə-bazar günləri qəbul edir. İndi müştərilərin ən çox gəldiyi vaxt bunların fəaliyyəti dayandırılır.”

S.Əliyev dövlətin sahibkarlara yardımından da söz açdı:

“Dövlət əvvəl onlara yardım etdi. İndi isə fəaliyyət göstərdiklərinə görə, dövlət heç bir yardım göstərmir. Onlar işçilərinə maaş ödəməlidir. İndi belə çıxır ki, bu obyektlər ayda səkkiz gün işləməyəcəklər. Halbuki, gəlirlərinin yarısını bəlkə də bu səkkiz gündə qazanırlar. Sahibkara böyük bir yük düşür. Burada həm sahibkar, həm də vətəndaş haqlıdır. Sahibkarın gəliri olmayandan sonra maaşları necə versin? Sabah bu, dövlət büdcəsinə də təsir edəcək, vergilərin verilməsi ilə bağlı problem yarana bilər. Ona görə, düşünürəm ki, bu yanaşma dəyişməlidir. Məhdudlaşdırıcı tədbirlər elə tətbiq edilməlidir ki, insanların iqtisadi aktivliyinə çox da mənfi təsir göstərməsin. Məsələn, avtoyuma obyektləri işləyir. Bir nəfər gəlir, maşını təhvil verir, gedir. Burada heç bir yoluxma yoxdur ki… Sən niyə bu kimi obyektlərin işləməsinə imkan yaratmırsan?!”

İqtisadçının fikrincə, əgər həftə sonları sərt karantin faydalı olsaydı, Avropa ölkələri də tətbiq edərdi:

“Gördüyümüz kimi, Avropa ölkələri bunu tətbiq etmədi. Bizdə yumşalmaya keçid birdən-birə oldu. Mən hər zaman yumşaldılmanın tərəfdarı olmuşam. Amma hazırkı mexanizmi heç də uğurlu hesab etmirəm.”

Professor, həkim Adil Qeybulla da xatırlatdı ki, həftəsonu karantinin tətbiq edilməsi Türkiyə təcrübəsidir, amma bizdə xüsusi effekt verməyəcək:

“Çünki insanlar situasiyanı onsuz da iqnor edirlər. Yayılma əmsalı və potensialı kifayət qədər böyükdür. Bu baxımdan mən bu qərarda xüsusi bir effektin olacağını düşünmürəm. Yaxın günlərdə artım dinamikasının hamımız şahidi olacağıq.”

Ülviyyə Şahin

PressKlub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*