Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya ilə bağlı növbəti qərarını açıqlayıb.
Belə ki, AMB-nin yeni proqnozlarına əsasən, Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 6,1 faiz, 2027-ci ildə isə 5,8 faiz olacağı gözlənilir. Halbuki qurum əvvəlki proqnozunda bu göstəricilərin müvafiq olaraq 5,9 və 4,5 faiz təşkil edəcəyini bildirmişdi.
Məlumat üçün bildirək ki, uçot faiz dərəcəsi Mərkəzi Bankın pul-kredit siyasətinin əsas alətlərindən biri hesab olunur. Bu göstəricidə edilən dəyişikliklər bank sektorunda kredit və depozit faizlərinə, maliyyələşmə şərtlərinə, nəticə etibarilə isə inflyasiya və iqtisadi aktivliyə təsir göstərir. Bu baxımdan AMB-nin uçot dərəcəsini dəyişməz saxlaması bazar iştirakçıları tərəfindən gözlənilən qərarlardan biri olsa da, inflyasiya proqnozlarının artırılması yaxın dövrdə qiymət sabitliyi ilə bağlı risklərin tam aradan qalxmadığını göstərən əsas siqnallardan biri kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın inflyasiya proqnozunu artırmasının əsas səbəbi qlobal inflyasiya riskləri və idxal inflyasiyası ilə bağlı gözləntilərdir: “Mərkəzi Bank öz bəyanatlarında bildirir ki, məzənnəni sabit saxlayacaq. Demək ki, inflyasiya proqnozunu artırması o arqumentlərdən irəli gəlir ki, qlobal ərzaq idxalı inflyasiyaya təsir edəcək. Bir də yəqin ki, tənzimlənən qiymətləri nəzərdə tuturlar, tənzimlənən qiymətlər də dəyişə bilər.
Bunun üçün enerji bazarını təhlil edirlər. Enerji qiymətləri yüksəlibsə, sonradan logistika xərclərinin artması, ərzaq qiymətlərinin bahalaşması, xidmətlərin bahalaşması şəklində ölkəyə idxal olunacaq. Çünki biz enerji qiymətlərindən danışanda sırf ona görə narahat oluruq ki, bu, inflyasiyanı artıran faktordur”.
Ekspertə görə, 2026-cı ilin ilk yarısında baş verənlər və növbəti yarımillik üzrə gözləntilər – neft qiymətlərinin yüksəlməsi, logistika xərclərinin artması, Azərbaycanın idxal etdiyi tərəfdaş ölkələrdə enerji xərclərinin yüksəlməsi – həmin ölkələrdə istehsal xərclərini artıracaq: “Onların istehsal etdiyi məhsullar bahalaşacaq və bu da idxal vasitəsilə Azərbaycana gələcək. Yəni Mərkəzi Bank proqnozlarını bu aspektdən artırıb.
Üstəlik, xidmət qiymətlərinin artması ilə bağlı ciddi risklər var. Xidmətlər bahalaşacaq, logistika xərcləri artdığına görə demək olar ki, hər şey bahalaşacaq. Mərkəzi Bank bunun komponentlərini ayrıca açıqlamır, amma son bir ildə baş verən proseslər göstərir ki, dövlət tərəfindən tənzimlənən qiymətlər də təsir edir. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri isə daha çox qlobal inflyasiyadan və idxal qiymətlərindən asılıdır. Ona görə də həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında bahalaşma davam edəcək. İndi də bahalaşma gedir və bu proses davam edəcək”.
