1965-ci ildə Bricit Bardo-dan dünyanın ən gözəl qadını hesab etdiyi şəxsin kim olduğu soruşulur. Məşhur fransız aktrisa heç tərəddüd etmədən belə cavab verir: “Əlbəttə, Virna! Virna Lizi!”
Söhbət həqiqətən də qeyri-adi gözəlliyə malik italyan aktrisa Virna Lizidən gedirdi. Qüsursuz üz cizgiləri, sarı saçları və insanı valeh edən ifadəli gözləri ilə o, sanki başqa bir aləmdən gəlmişdi.
Onun gözəlliyi Hollivudun da diqqətindən yayınmadı. 1962-ci ildə Merilin Monronun vəfatından sonra Virna Lizini onun davamçısı kimi görməyə başladılar. Aktrisaya baş rollar təklif edilir, onu yeni kino seks-simvolu kimi təqdim etməyə çalışırdılar.
Lakin Virnanın karyera ilə bağlı öz düşüncələri vardı. O, yalnız xarici görünüşünə görə qiymətləndirilmək və gözəlliyinin əsirinə çevrilmək istəmirdi. Hətta sonradan Ceyn Fondanın oynadığı “Barbarella” filmində baş roldan da imtina etmişdi.
1960-cı illərin sonlarında Virna Paramount kinostudiyası ilə müqaviləsini pozdu. Səbəb isə studiyanın ona daim gözəl sarışın qadın obrazını qəbul etdirməyə çalışması idi. Halbuki aktrisa daha dərin, mürəkkəb və dramatik rollar arzusunda idi.
Maraqlıdır ki, Virna öz gözəlliyinə də birmənalı yanaşmırdı. O, həmişə kukla gözəlliyinə deyil, maraqlı və ağıllı simaya sahib olmağı arzuladığını deyirdi. Bir dəfə belə söyləmişdi:
“Qırışların yaranmasını səbirsizliklə gözləyirəm. Bəlkə də onda insanlar nəhayət məni daha ciddi qəbul etməyə başlayacaqlar”.
Nəhayət, o, arzusuna çatdı. 1994-cü ildə Virna Lizi “Kraliça Marqo” filmində Yekaterina Mediçi obrazını canlandırdı. Bu rol ona Kann kinofestivalının mükafatını və Fransanın nüfuzlu “Sezar” kino mükafatını qazandırdı.
Aktrisanın şəxsi həyatı da az maraqlı deyildi. 1960-cı ildə italyan memar Franko Peski ilə ailə qurdu. Onların evliliyi yarım əsrdən çox davam etdi. Kino dünyası üçün bu, nadir rast gəlinən ailə birliklərindən biri idi.
Virna ailəsini həmişə birinci yerə qoyurdu. Hətta həyat yoldaşının və oğlunun yanında olmaq üçün kino karyerasını tamamilə dayandırmağı da düşünmüşdü.
Franko ağır xəstələnəndə aktrisa son günlərinə qədər onun yanında oldu. Həyat yoldaşının 2013-cü ildə vəfatından sonra Virna cəmi bir ildən bir qədər artıq yaşadı.
2014-cü il dekabrın 18-də Virna Lizi 78 yaşında Romada dünyasını dəyişdi.
O, dünyaya yalnız gözəlliyi ilə deyil, öz istedadı, xarakteri və sənətdə öz yolunu seçmək cəsarəti ilə də yadda qaldı.
Rəsmiyyə Şərifova,
KONKRET.az


