Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – Kimlər çıxarış ala bilər?backend

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – Kimlər çıxarış ala bilər?

Azərbaycanda uzun illərdir vətəndaşların faktiki istifadəsində olan, lakin mülkiyyət hüququnu təsdiq edən sənədləri və çıxarışı olmayan fərdi yaşayış evlərinin rəsmiləşdirilməsi məsələsi aktuallığını qoruyur. Xüsusilə, sovet dövründə ayrılmış torpaq sahələrində, yerli icra hakimiyyəti orqanlarının qərarları əsasında və digər müxtəlif hüquqi əsaslarla tikilmiş evlərin sənədləşdirilməsi vətəndaşları maraqlandıran əsas məsələlərdəndir. Bəs hansı sənədsiz evlərə çıxarış almaq mümkündür və tamamilə hüquqi sənədi olmayan tikililərin aqibəti necə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycanda daşınmaz əmlakın rəsmiləşdirilməsi istiqamətində müəyyən hüquqi dəyişikliklər həyata keçirilsə də, bütün sənədsiz evlərin leqallaşdırılması məsələsi hələ də həllini tapmayıb.

Elnur Azadov: Daşınmaz əmlakın bahalaşması iqtisadiyyata ciddi zərər verir | QHT.az

Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına əsas verən bir sıra əvvəlki dövrlərə aid sənədlərin siyahısı təsdiqlənib. Sonrakı illərdə həmin siyahıya dəyişikliklər edilərək qeydiyyat imkanları genişləndirilib.

“Bu istiqamətdə müəyyən addımlar atılıb. Sovet hakimiyyəti dövründə və müstəqilliyin ilk illərində səlahiyyətli qurumlar tərəfindən verilmiş bəzi sənədlər, eləcə də kolxoz və sovxozların torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq qərar və əmrləri dövlət qeydiyyatı üçün əsas ola bilən sənədlər sırasına daxil edilib. Bununla da əvvəllər rəsmiləşdirilməsində çətinlik yaranan bəzi daşınmaz əmlakların sənədləşdirilməsi üçün hüquqi imkanlar genişləndirilib”.

Elnur Azadov qeyd edib ki, əsas çətinlik heç bir hüquqmüəyyənedici sənədi olmayan və uzun illərdir faktiki istifadə edilən torpaq sahələrində tikilmiş evlərlə bağlıdır.

“Hazırda mövcud qanunvericilikdə nəzərdə tutulan sənədlərə malik olmayan, xüsusilə zəbt edilmiş torpaq sahələrində inşa edilən evlərin kütləvi şəkildə leqallaşdırılması üçün ayrıca ümumi mexanizm yoxdur. Bu məsələnin həlli üçün qanunvericilikdə ciddi dəyişikliklər aparılmalıdır. Qanunsuz tikililərin leqallaşdırılması və ya müəyyən amnistiya mexanizminin tətbiqi üçün müvafiq hüquqi əsaslar yaradılmalıdır”.

Ekspertin sözlərinə görə, son illərdə bu istiqamətdə görülən əsas işlərdən biri daşınmaz əmlak üzərində hüquqların qeydiyyatına əsas verən sənədlərin siyahısının genişləndirilməsi olub.

“Lakin bu dəyişikliklər bütün sənədsiz tikililərin problemini həll etmir. Elə evlər var ki, onların sahiblərinin əlində ümumiyyətlə heç bir hüquqi sənəd yoxdur. Belə əmlakların rəsmiləşdirilməsi üçün daha geniş qanunvericilik islahatlarına ehtiyac var. Əks halda, həmin tikililərin kütləvi şəkildə çıxarışla təmin edilməsi mümkün olmayacaq”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Prezidentin 16 iyul 2025-ci il tarixli 444 nömrəli Fərmanı ilə də 2015-ci ildə təsdiqlənmiş siyahıya dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, müəyyən şərtlərlə 2001-ci il yanvarın 1-dək verilmiş təsərrüfatbaşına kitablardan çıxarışlar, həmin tarixədək tərtib olunmuş texniki pasportlar, kolxoz və sovxozların müvafiq sənədləri, eləcə də yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin müəyyən qərarları hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər.

Bununla belə, həmin sənədlərin mövcudluğu avtomatik olaraq çıxarış verilməsi demək deyil. Qeydiyyat zamanı sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu, arxiv əsasları, torpaq sahəsinin hüquqi statusu və digər zəruri hallar nəzərə alınır.

Beləliklə, uzun illər bir evdə yaşamaq və ya həmin ünvanda qeydiyyatda olmaq özlüyündə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün kifayət etmir. Tamamilə sənədsiz və hüquqi əsası olmayan tikililərin rəsmiləşdirilməsi isə mövcud qanunvericiliyin tələbləri çərçivəsində ayrıca qiymətləndirilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*