Həyatda bir cür, sosial şəbəkələrdə başqa – İnsanları belə davranışa nə vadar edir?backend

Həyatda bir cür, sosial şəbəkələrdə başqa - İnsanları belə davranışa nə vadar edir?

“İnsanlar sosial şəbəkələrdə özlərini müxtəlif obrazlarda təqdim edirlər və bunun müxtəlif səbəbləri var. Məsələn, həyatında ayrılıq və ya hər hansı çətinlik yaşayan bir insan özünü zəif və ya pis hiss etdiyini göstərməmək üçün sosial şəbəkələrdə tamamilə fərqli şəkildə təqdim edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında psixoloq Sevinc Həbibova bildirib.

Onun sözlərinə görə, real həyatda da elə insanlar var ki, tutduqları vəzifədən və ya gördükləri işdən müəyyən mənada utanc duyduqları üçün insanlarla ünsiyyətdən qaçırlar:

“Bu hal təkcə sosial şəbəkələrdə müşahidə olunmur. Real həyatda da elə insanlar var ki, tutduqları vəzifədən və ya gördükləri işdən müəyyən mənada utanc duyduqları üçün insanlarla ünsiyyətdən qaçırlar. Halbuki cəmiyyətə aşılamaq lazımdır ki, hər bir peşə və hər bir vəzifə vacib və gərəklidir. İnsanların daxilən özləri ilə barışıq olmamaları bu cür davranışlara səbəb olur”.

Psixoloqun fikrincə, hazırda sosial şəbəkələrdə azyaşlı uşaqlar belə özlərinə müəyyən bir obraz seçərək həmin obraza uyğun davranışlar sərgiləyirlər:

“Ümumiyyətlə, sevgi və qayğı görən insanlar həm real həyatda, həm də sosial şəbəkələrdə daha çox sevgi paylaşır və müsbət münasibət göstərirlər. Lakin uşaqlıq travmaları ilə böyüyən insanlar çox zaman virtual aləmə daha çox yönəlir və olmadıqları biri kimi görünməyə çalışırlar. Onlar öz qorxularını və narahatlıqlarını gizlətmək istəyirlər”.

S.Həbibova onu da qeyd edib ki, virtual həyat yalançılıq demək deyil:

“İnsanların davranışları onların xarakterindən daha çox yaşadıqları şəraitlə bağlı olur. Mənim üçün “pis insan” anlayışı yoxdur. İnsanların davranışları düşdükləri situasiyadan, böyüdükləri ailədən, dost çevrəsindən, yaşadıqları mühitdən və uşaqlıq dövründə qarşılaşdıqları travmalardan təsirlənir”.

“Bu gün yaşından asılı olmayaraq bir çox insan sosial şəbəkələrdə və virtual aləmdə özünə müəyyən mənada təskinlik tapır. Əslində insan özü ilə barışıq içində yaşadıqda virtual həyata həddindən artıq bağlanmağa və özünü orada tapmağa ehtiyac duymur.

Sosial şəbəkələrin həyatımıza təkcə mənfi deyil, həm də müsbət təsirləri var. Məlumatları daha sürətli əldə etməyimizdə, dünyada baş verən hadisələrdən xəbərdar olmağımızda və müəyyən qədər maariflənməyimizdə sosial şəbəkələrin rolu danılmazdır. Buna görə də sosial şəbəkələrin insanları tamamilə pozduğunu demək doğru olmaz. Hər bir insan sosial şəbəkələrdən öz məqsədinə və dünyagörüşünə uyğun şəkildə istifadə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*