İsrail ordusu “Hizbullah”ın pilotsuz uçuş aparatları ilə hücumundan sonra Livanın cənubunda qruplaşmaya məxsus olduğu bildirilən obyektlərə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun məlumatına görə, “Hizbullah” Livanın cənubunda İsrail hərbçilərinin yerləşdiyi təhlükəsizlik zonasına iki PUA göndərib.
İsrail hərbçiləri dronlardan birini vurub. Hücum nəticəsində İsrail əsgərləri arasında xəsarət alan olmadığı bildirilib.
Bundan sonra İsrail ordusu Livanın cənubunda “Hizbullah”a qarşı hava zərbələrinə başlayıb. Ordunun açıqlamasında hücumların qruplaşmanın hərbi infrastrukturu və obyektlərinə yönəldiyi bildirilib.
İsrail tərəfi zərbələrin “Hizbullah” tərəfindən yaradılan təhdidin aradan qaldırılması məqsədi daşıdığını açıqlayıb.
Daha əvvəl İsrail ordusu Livanın cənubundakı Ərəb Səlim şəhərinin sakinlərinə ərazini tərk etmək barədə xəbərdarlıq edib. Bildirilib ki, yaşayış məntəqəsində “Hizbullah”a aid olduğu iddia edilən obyektə zərbə endiriləcək.
Günay Əli
KONKRET.az
