Hökumətimiz “oğru məmur” axtarışında, oğullarımız “qul bazarı”nda… – REPLİKAbackend

Hökumətimiz “oğru məmur” axtarışında, oğullarımız “qul bazarı"nda... – REPLİKA

Millətin qeyrətin çəkən ər kişilər, köhnə kişilər, vətənpərvər kişilər…

Evin, elin yükünü çəkən, canından, qanından keçən, amma bir haqsız sözü, söyüşü keçməyən, qan tökən, azadlığın dadını təmiz adına qurban verən nər kişilər… Hanı indi köhnə kişilər???

Bir hissəsini bolşeviklər 30-larda türmələrdə, sürgünlərdə qırdılar, millətin genofonduna sağalmaz yara vurdular. Bir hissəsi də 1941-45-də getdi, canını bolşeviklərin vətəninə fəda etdi. Köhnə kişilərin oğulları 60-70-lərdə dirçəlməyə başladılar, onları da sovetin senzurası sıxdı, suyunu çıxartdı, sapı özümüzdən olan baltalar satdı, evini yıxdı… Regionçuluq, qohumbazlıq da axırlarına çıxdı…

Köhnə kişilərin nəvələri 80-lərin sonlarında ayağa durdular və Azərbaycanda müstəqil dövlət qurdular. 90-larda Birinci Qarabağ müharibəsinə atıldılar, torpaq yolunda şəhid oldular. Sağ qalanlara da Vətəndə yer, iş tapılmadı, ayaqlarını əllərinə aldılar və bir tikə çörək dalınca Rusiya – Türkiyə bazarlarına, Avropa vağzallarına üz tutdular. Xalq günahımdan keçsin, Azərbaycanda elə kəndlər vardı ki, damazlığa bir kişi yox idi…

İkinci Qarabağ müharibəsi və köhnə kişilərin nətiçələri yetişdi. “Vətən, Vətən” deyib ayağa durdular, “Düşmənə ölüm” deyib döyüş meydanına atıldılar. Ata-babalarına layiq oğullar 44 gündə Vətən torpaqlarını düşmən işğalından azad etdilər. Qələbə minlərlə igidimizin canı və qanı bahasına başa gəldi. Şəhidlərimiz göylərə getdi, cənnəti haqq etdi, qazilərimiz gələcəyə ümidlə kəndinə, ailəsinə gəldi.

Sən saydığını say…

Müharibə qurtarsa da, problemlər qurtarmadı, vəziyyət “urusca”dır. Aşağılardan güman yoxdur, yuxarılardan aman. Ölkəmizdə qohumbazlıq, rüşvətxorluq, inhisarçılıq baş alıb gedir. Müəllimlər, həkimlər bir qarın çörəyə işləyir, pensiyaçılar Allahdan rəhmət, adamlardan mərhəmət diləyir. Ziyalı saydıqlarımız, “aydınlar”ımız ölkənin problemlərini dilə gətirmək, həllinə yardımçı olmaq əvəzinə, saray qapılarında dilənir.

Ölkəmizin gələcəyi – köhnə kişilərin nəticələri, kötücələri Vətəndə öz qabiliyyətləri ilə yaxşı bir iş qura, yuxarı qalxa bilmirlər. Sosial pilləkən yoxdur, çoxdan sındırılıb, dağıdılıb. Odur ki, gənclər özlərini reallaşdıra bilmir, sıradan olanlar “Qul bazarına” gedir, istedadları ingilis dili öyrənir, Vətəndən qaçmağa, qürbətə qucaq açmağa fürsət gözləyir…

Və “asta qaçan namərddir” deyib arxaya baxmadan gedirlər – Avropada, Amerikada süpürgəçilik etməyə…

Beləliklə, millətin qeyrətini çəkən köhnə kişilər indi gordadır, övladları da özgə qapılarında, Allah bilir hardadır? Nəvələri, nəticələri də I və II Vətən müharibələrində şəhid, qazi oldular. Vətəndə də şəhid ailələrinə kömək edən, qazilərə əl yetirən, çörək verən məmurları barmaqla saymaq olur. Amma özünə qəsd edən qaziləri barmaqla saymaq olmur. Hökumətimiz “oğru məmur” axtarışında, ziyalılarımız “tavan altında”, oğullarımız “Qul bazarında”dır…

Qalib Arif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*