Hərbçilərlə bağlı gözlənilməz təklif: “Belə yanaşmaq olmaz”backend

Hərbçilərlə bağlı gözlənilməz təklif: “Belə yanaşmaq olmaz”

Hərbi qulluqçuların hərbi hissəni özbaşına tərk etməsinə və üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməməsinə görə yeni cərimələrin müəyyənləşdirilməsi təklif olunur. Dəyişikliyə əsasən, belə hallara görə 200-300 manat cərimə və ya inzibati həbs tətbiq edilə bilər. Eyni əməlin təkrar törədilməsi halında isə cərimənin 500 manatadək artırılması nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan hərbi ekspert Üzeyir Cəfərov təklifi tənqid edib. O, hərbi intizamın cərimələrlə möhkəmləndirilməsini absurd adlandırıb və bu təşəbbüsün arxasında hərbi xidmətdən anlayışı olmayan şəxslərin dayandığını bildirib.

Ekspertin sözlərinə görə, hərbi qulluqçuların fəaliyyəti onsuz da hərbi intizam nizamnaməsi, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir:

“Əvvəla, hərbi hissəni özbaşına tərk etmək başqa məsələdir, üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməmək başqa. Bunlara görə cərimə tətbiq etmək nə dərəcədə məntiqlidir? Hərbi xidmət nədir, cərimə nədir? Hərbi qulluqçu Vətənə sədaqətlə xidmət edəcəyinə and içir. Onun bütün fəaliyyəti müvafiq qanunvericiliklə tənzimlənir.

Mən hörmətli millət vəkillərinə bir sual ünvanlamaq istəyirəm. Tutaq ki, sərhəddə yerləşən hərbi hissələrdən birində döyüş hazırlığı vəziyyəti elan olunub. Mən komandirə zəng edib deyirəm ki, gələ bilmirəm, sabah gələcəyəm, cəriməmi də ödəyəcəyəm. Bu, artıq absurdluğun kvadratıdır, yoxsa kubu, bilmirəm”.

Ü.Cəfərov hesab edir ki, cərimə hərbi intizamı gücləndirmək üçün effektiv vasitə deyil. Onun fikrincə, maddi imkanı olan hərbçi dəfələrlə qaydanı poza və cəriməni ödəməklə məsuliyyətdən yayınmağa çalışa bilər.

“Adam var, 3 min manat maaş alır. Onun imkanı olacaq ki, beş dəfə qaydanı pozsun və cəriməsini ödəsin. Hərbi hissəni özbaşına tərk etməyə görə cərimə tətbiq etmək nə deməkdir? Hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edə bilməz. Əgər bunu edirsə, burada artıq Cinayət Məcəlləsi ilə nəzərdə tutulan məsuliyyət məsələsi gündəmə gəlməlidir. Yəni hərbçi düşünməməlidir ki, hissəni tərk edər, sabah da cəriməsini ödəyər”, – deyə ekspert vurğulayıb.

Hərbi ekspert əlavə edib ki, bu cür təşəbbüslər hərbi sahədə daha ciddi problemlərin həllinə mane olur. O, Milli Məclisin aidiyyəti komitələrini alternativ hərbi xidmət haqqında qanunun qəbuluna və hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına diqqət ayırmağa çağırıb.

“Dünyada analoqu olmayan məsələlərlə qarşılaşırıq. Hərbi geyimin qanunsuz daşınmasına görə cərimələr tətbiq edilmişdi. Bəs həmin cərimələrdən nə qədər vəsait toplandı? Bu pul hara yönəldildi? Milli Məclisin komitə üzvləri bu suala cavab verə bilərlərmi? Eyni vəziyyət indi də təkrarlana bilər.

Mən təklif edərdim ki, ciddi işlərlə məşğul olsunlar, alternativ xidmət haqqında qanunu qəbul etsinlər, hərbi qulluqçuların maddi rifahının yüksəldilməsi üçün əsaslı təkliflər irəli sürsünlər. Cərimə və inzibati həbslə hərbi intizamı gücləndirmək mümkün deyil. Qalib ordunun hərbçilərinə elə yanaşırlar ki, sanki onlar yolda qayda pozan sürücülərdir.

Ümumiyyətlə, bu cərimə mövzusunu gündəmə gətirən şəxsin hərbidən anlayışı yoxdur. Təəssüflənirəm ki, baş verənləri generallarımız və aidiyyəti rəhbərlərimiz də görür, amma buna etirazlarını bildirmirlər. Halbuki bu məsələyə etiraz edilməlidir”, – deyə Ü.Cəfərov fikrini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*