Barselonada Muntaner adlı uzun və izdihamlı aristokratik küçəni tanıyırsınız? İnsanların çoxu hər gün bu küçədən keçərkən onun kiminsə adını daşıdığını düşünmür. Halbuki bu adın arxasında XIV əsrin əfsanəvi şəxsiyyətlərindən biri – katalon döyüşçüsü, dövlət xadimi və tarixçisi Ramon Muntaner (1265–1336) dayanır.
O, monastır hücrəsində oturub tarix yazan alimlərdən deyildi. Qılınc çalmış, yürüşlərdə iştirak etmiş, səfər sandıqlarındakı qızılları hesablamış, imperiyaların süqutunu öz gözləri ilə görmüş bir tarixçi idi.
Onun əsas əsəri olan “Xronika” (Crònica) quru tarix və hadisələr siyahısından ibarət deyil. Bu, son dərəcə canlı, maraqlı və qeyri-adi xatirələr toplusudur. Muntaner elə yazır ki, sanki qarşınızda əyləşib bir qədəh şərab içə-içə başına gələnləri danışır. Yumor, epik haşiyələr, əsgər əhvalatları və oxucuya birbaşa müraciətlər onun üslubunun əsas xüsusiyyətləridir. Hətta bəzən “İndi isə qulaq asın, sonra nə baş verdi…”, – deyərək söhbətinə davam edir.
Onun səyahət etdiyi coğrafiya müasir dövrün ən macərapərəst səyyahlarını belə heyrətləndirə bilərdi:
Siciliya və İspaniya: Aralıq dənizində müharibələrin qızğın dövründə Araqon və Siciliya krallarına xidmət etməyə başlayıb.
Bizans və Kiçik Asiyanın müharibə meydanları: Həyatının ən qeyri-adi hadisələrindən biri Roje de Florun rəhbərlik etdiyi məşhur Böyük Kataloniya Kompaniyasının tərkibində iştirakı olub. Söhbət Bizans imperiyasının türklərə qarşı mübarizə aparmaq üçün muzdla cəlb etdiyi, döyüşlərdə möhkəmlənmiş almogavar döyüşçülərindən ibarət dəstədən gedir.
Qallipolinin müdafiəsi: Muntaner ekspedisiyanın baş inzibatçısı və xəzinədarı olub. Roje de Florun qətlə yetirilməsindən sonra düşmən ərazisinin dərinliklərində mühasirə vəziyyətinə düşən katalonların Qallipolinin qəhrəmancasına müdafiəsini təşkil edən şəxslərdən biri olub. Həmin hadisələrdən sonra katalonlar Frakiya və Yunanıstanda məşhur «Kataloniya qisası» yürüşlərinə başlayıblar və bölgədə öz koloniyalarını yaradıblar.
Şimali Afrika və Aralıq dənizi adaları: Tunis sahilləri yaxınlığında strateji əhəmiyyətə malik Cerba adasının qubernatoru vəzifəsində çalışıb. Ömrünün sonlarına yaxın isə İbiza adasında torpaqların idarəçiliyini həyata keçirib.
Bəs əsərinin tərcümələri necədir?
Bu möhtəşəm əsərin rus dilinə indiyədək tam tərcüməsi yoxdur. Buna görə də tarixçilər orijinal mətnlə və ya digər Avropa dillərində nəşr olunmuş variantlarla işləməli olurlar. İngilis dilində Ledi Qudinafun klassik tam tərcüməsi mövcuddur. Əsər ispan və fransız dillərinə də dəfələrlə tərcümə edilib.
Ramon Muntaner böyük enerjiyə və zəngin həyat təcrübəsinə malik bir insan idi. O, keşməkeşli ömrünü ölməz ədəbiyyata çevirməyi bacardı.
Əslində, Muntaneri orta əsrlərin ilk bloqeri adlandırmaq heç də mübaliğə deyil. O, gördüklərini, yaşadıqlarını və şahidi olduğu tarixi hadisələri sanki bugünkü bloq müəllifləri kimi canlı, səmimi və oxunaqlı şəkildə gələcək nəsillərə çatdırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
