Mağazadan telefon, televizor və digər məişət texnikası alan bəzi istehlakçılar bir neçə gün sonra fikirlərini dəyişdikdə və ya aldıqları məhsulun onlara uyğun olmadığını düşündükdə çətinliklə üzləşirlər. Malı geri qaytarmaq üçün mağazaya müraciət etdikdə isə bəzən onlara məhsulun kreditlə alındığı və bu səbəbdən geri qaytarılmasının mümkün olmadığı bildirilir.
Bəs həqiqətənmi kreditlə alınan məhsulların geri qaytarılması qadağandır? Belə hallarda istehlakçıların hansı hüquqları var?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib ki, kreditlə alınan məhsulların geri qaytarılmasının mümkünsüzlüyü barədə mağazaların səsləndirdiyi bu iddia həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, malın kreditlə alınması istehlakçının qanuni qaytarma hüququnu avtomatik olaraq aradan qaldırmır:
“‘İstehlakçıların hüquqlarının müdafiəsi haqqında’ Qanunun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı formasına, ölçüsünə, rənginə və digər səbəblərə görə istehlakçını qane etmədikdə, qanunla nəzərdə tutulan şərtlər daxilində 14 gün ərzində dəyişdirilə bilər. Əgər məhsulun əvəzinə istehlakçıya uyğun başqa mal yoxdursa, qanun ona malın dəyərini geri almaq hüququ da verir.
Bəs məhsul kreditlə alınıbsa, qaydalar dəyişirmi? Xeyr. Qanunun 15-ci maddəsi malın nağd, kreditlə və ya hissə-hissə ödənişlə alınması arasında fərq qoymur. Kreditlə satış faktı özlüyündə istehlakçının qanuni hüquqlarını məhdudlaşdırmır.
Ona görə də satıcı ‘Malı kreditlə almısınız, geri qaytarmaq olmaz’ dedikdə, bu cavabla dərhal razılaşmayın. Yazılı müraciət ünvanlayın, qanuni hüquqlarınızı tələb edin və istehlakçı kimi özünüzü müdafiə edin”.
Vəkil kredit müqaviləsindən imtina imkanlarına da diqqət çəkib. Bildirib ki, Mülki Məcəllənin 746-3.1-ci maddəsinə əsasən, istehlakçı kredit vəsaitinin ona verildiyi gündən 30 gün ərzində heç bir səbəb göstərmədən kredit müqaviləsindən imtina edə bilər.
Lakin bu halda istehlakçı aldığı kredit məbləğini, eləcə də kreditin verildiyi gündən qaytarıldığı tarixədək hesablanmış faizləri ödəməlidir.
Turan Abdullazadə vurğulayıb ki, məhsulun mağazaya qaytarılması bank qarşısında kredit öhdəliyinin avtomatik başa çatması demək deyil. Buna görə də istehlakçılar kredit müqaviləsinin necə ləğv edildiyini, mağazanın vəsaiti banka qaytarıb-qaytarmadığını mütləq yoxlamalıdırlar.
Çünki malın alqı-satqısı ilə bağlı müqaviləyə xitam verilməsi kredit müqaviləsi üzrə borcun da avtomatik aradan qalxmasına səbəb olmaya bilər.
Aynurə İsmayıl
KONKRET.az
