“Nüvə müharibəsi qorxusu ilə əhalini susdururlar” – Hökumətlərin ƏSL MƏQSƏDİbackend

“Nüvə müharibəsi qorxusu ilə əhalini susdururlar” – Hökumətlərin ƏSL MƏQSƏDİ

“Bəzi ölkələr artıq vətəndaşlarına 72 saatlıq ərzaq və digər ilkin tələbat ehtiyatı toplamaqla bağlı tövsiyələr veriblər. Amma düşünürəm ki, bu, bir qədər şişirdilmiş yanaşmadır və əsassız qorxudan irəli gəlir…”

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a  siyasətçi, AĞ partiyanın başqanı Tural Abbaslı deyib. O, ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi və nüvə zərbəsi ilə bağlı səsləndirilən iddialar barədə fikirlərini bölüşüb:

“Avropa ölkələrinin bir çox məsələlərdə kifayət qədər ehtiyatlı davrandığını görürük. Buna müəyyən mənada qorxaqlıq da demək olar. Ancaq mən bildiyim qədərilə, nə ABŞ-nin İrana nüvə silahı atmaq kimi planı var, nə də Rusiyanın Ukraynaya qarşı belə bir addım atmaq niyyəti. Burada əsas narahatlıq ABŞ-İran qarşıdurması, eyni zamanda Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rusiya rəsmiləri, xüsusilə Dmitri Medvedev zaman-zaman taktiki nüvə silahından istifadə ehtimalı ilə bağlı müxtəlif mesajlar veriblər. Lakin mən bunun real olduğunu düşünmürəm”.

T.Abbaslı qeyd edib ki, nüvə silahının əsas gücü ondan istifadə etməkdə deyil, bu silahla qarşı tərəfi qorxutmaqdadır:

“Nüvə silahının əsas təsiri onun çəkindirici gücündə, yaratdığı qorxudadır. Yəni siyasi baxımdan nüvə silahından istifadə etməkdən daha çox, ondan istifadə edə biləcəyini bəyan edərək qarşı tərəfi təhdid etmək effektivdir. Kimsə artıq nüvə silahından istifadə edərsə, həmin silah əvvəlki çəkindirici təsirini itirəcək. Məsələn, Rusiya Ukraynaya hücum etməzdən əvvəl dəfələrlə bəyan edirdi ki, müharibəni bir neçə günə başa çatdıracaq, Ukraynanı qısa müddətdə ələ keçirəcək. Bununla Ukraynanı və digər ölkələri təzyiq altında saxlamağa, müəyyən addımlar atmağa məcbur etməyə çalışırdı. Lakin müharibə başlayandan sonra Rusiyanın gözlənilən hərbi gücə malik olmadığı üzə çıxdı və ölkə siyasi manevr imkanlarının bir hissəsini itirdi. Nüvə silahının da əsas xüsusiyyəti məhz çəkindirici təsiridir. Rəsmi olaraq nüvə silahına malik olan təxminən 6-7 ölkə var. Bu dövlətlər digər ölkələri nüvə silahı ilə təhdid etməklə onları siyasi, iqtisadi və digər sahələrdə güzəştlərə getməyə məcbur etməyə çalışırlar”.

Siyasətçinin sözlərinə görə, Avropa hökumətləri qiymət artımına görə insanların narazılığını azaltmaq üçün onları mümkün təhlükələrlə qorxuda bilər:

“Düşünürəm ki, Avropa ölkələrində bu cür çağırışların səsləndirilməsinin başqa səbəbləri də ola bilər. Mümkündür ki, hökumətlər əhalini müəyyən mənada təşviş və qorxu içində saxlayaraq enerji daşıyıcılarının, ərzaq məhsullarının qiymət artımına qarşı etirazları azaltmağa çalışırlar. Çünki heç kimə sirr deyil ki, ABŞ-İran qarşıdurması Amerikada benzinin və ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub. Eyni zamanda, Ukraynaya milyardlarla dollar yardım edən, Rusiyadan ucuz enerji daşıyıcılarının idxalından imtina edən Avropa ölkələrində də qazın, benzinin və dizelin qiyməti kifayət qədər yüksəkdir. Bu bahalaşma digər sahələrə, xüsusilə kənd təsərrüfatına və ərzaq istehsalına mənfi təsir göstərir. Ola bilsin ki, hökumətlər bu təhdidlərin nə qədər real olduğu barədə cəmiyyətə mesaj vermək və vətəndaşların baş verənlərə daha həssas yanaşmasını təmin etmək istəyirlər. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Məsələn, dünən ABŞ-da keçirilən aralıq seçkilərində respublikaçıların məğlub olması, hətta ənənəvi olaraq güclü olduqları bəzi ştatlarda mövqelərini itirmələri göstərir ki, iqtisadi vəziyyət və qiymət artımı seçicilərin siyasi seçimlərinə ciddi təsir edir”.

T.Abbaslı əlavə edib ki, bahalaşma əhalinin seçiminə də təsir edə bilər:

“Dünyanın ən rifahlı ölkələrindən biri hesab olunan ABŞ-da belə, əhali qiymət artımından narazı qalaraq hakimiyyətə deyil, müxalifətə səs verə bilər. Demokratların Konqresdə və Senatda üstünlük əldə etməsi də bu baxımdan siyasi mənzərəyə təsir göstərən amillərdəndir. Avropa ölkələrində də vaxtaşırı parlament, prezident və bələdiyyə seçkiləri keçirilir. Təbii ki, həyat bahalılığı həmin ölkələrdə də seçicilərin qərarlarına təsirsiz ötüşmür. Mümkündür ki, hakimiyyətlər bu cür xəbərdarlıqlar vasitəsilə gələcək seçkilərdə mümkün səs itkilərinin qarşısını almağa və qəbul etdikləri qərarları əsaslandırmağa çalışırlar. Cəmiyyətə belə bir mesaj verilir ki, mövcud vəziyyət son dərəcə təhlükəlidir, Rusiya aqressiv siyasət yürüdür və hətta nüvə müharibəsi ehtimalı mövcuddur. Bununla da hökumətlər enerji və ərzaq qiymətlərinin artması ilə bağlı narazılıqların müəyyən qədər azalmasına nail olmağa çalışa bilərlər”.

Başqan Azərbaycanın vəziyyətinə də münasibət bildirib:

“Azərbaycana gəldikdə isə ölkəmizin geosiyasi və coğrafi mövqeyi kifayət qədər mürəkkəbdir. Hazırda dünyada böyük iddiaları olan 6-7 dövlət mövcuddur və onlardan üçü Azərbaycanın qonşusudur. Söhbət Rusiya, İran və Türkiyədən gedir. Təbii ki, Türkiyəni digər iki ölkədən fərqləndirirəm. Türkiyə bizim qardaş ölkəmizdir və onun mövqeyi fərqlidir. Lakin belə iddialı dövlətlərin qonşuluğunda yerləşmək müəyyən təhdidlər və narahatlıqlar yaradır. Bununla belə, düşünmürəm ki, Azərbaycanda hazırda belə bir çağırışa ehtiyac var. Azərbaycan Rusiyanı yaxşı tanıyır və onun hansı addımları ata biləcəyini müəyyən qədər bilir. Eyni zamanda, İranla bağlı da kifayət qədər məlumatlıyıq. Bu baxımdan, ölkəmizə qarşı belə bir təhdidin yaranacağına inanmıram. Üstəlik, Azərbaycanın siyasi tarixində də bu cür xəbərdarlıqların zəruri olduğu vəziyyətlər çox olmayıb. Bizim cəmiyyət üçün daha aktual problemlər var. Məsələn, səhiyyə xidmətlərinin əlçatanlığı, pensiya təminatı, pensiya yaşı, uşaq pulu və işsizlik kimi məsələlər insanların gündəlik həyatına birbaşa təsir edir. Bu problemlər Rusiya-Ukrayna müharibəsi və ya ABŞ-İran qarşıdurması kimi beynəlxalq məsələlərdən daha çox vətəndaşların gündəlik qayğısındadır. Düzdür, həmin münaqişələrin Azərbaycana da mənfi təsirləri olur, lakin hazırda əsas narahatlığımız bu istiqamətdə deyil.

Ona görə də düşünmürəm ki, Azərbaycanda əhaliyə üç günlük ərzaq ehtiyatı toplamaqla bağlı çağırış edilməsinə ehtiyac var. Belə bir çağırış ölkəmizdə tam əks effekt verə bilər. Əhali arasında əsassız panika yarana, bəzi işbazlar isə yaranmış vəziyyətdən istifadə edərək ərzaq və ilkin tələbat məhsullarının qiymətlərini süni şəkildə artıra bilərlər. Bu da cəmiyyət üçün əlavə problemlər yaradar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*