İranda nüvə partlayışı baş versə, radioaktiv bulud Azərbaycana çatacaq? – Akademikdən AÇIQLAMAbackend

İranda nüvə partlayışı baş versə, radioaktiv bulud Azərbaycana çatacaq? – Akademikdən AÇIQLAMA

Son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif media platformalarında İran vətəndaşlarına nüvə partlayışı və radiasiya təhlükəsi ilə bağlı xəbərdarlıq edildiyi, 24 saat ərzində evdən çıxmamağın tövsiyə olunduğu barədə xəbərlər geniş yayılıb. İnsanları ən çox düşündürən məsələ isə belə bir hadisənin baş verməsi halında radioaktiv çirklənmənin Azərbaycana yayılma ehtimalının nə qədər olması və radiasiya buludunun ölkəmizə çatmasının hansı amillərdən asılı olmasıdır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən Elmlər doktoru, professor, akademik və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü Adil Qəribov səslənən iddialara aydınlıq gətirib.

Akademik bildirib ki, son günlərdə yayılan xəbərlərin fonunda ilk növbədə ABŞ-nin hər hansı şəkildə birinci olaraq atom silahından istifadə etməsi ehtimalı yoxdur. Çünki bu, zəncirvari prosesin başlamasına və qarşısıalınmaz fəlakətə səbəb ola bilər:

“ABŞ-nin və onun daxil olduğu NATO birliyinin Avropada yerləşən ölkə dostları var və bu zəncirvari proses başlasa, heç bir ölkənin qalib çıxma ehtimalı yoxdur. Müasir strateji silahlar çox güclüdür, onların təsir sahələri hər birinin haradasa 200 saata yaxın deyil, təxminən 200 kilometrə yaxın məsafəni birbaşa tuta bilir. Bu silahlarda həm atom parşalanmasına əsaslanan formalar, həm hidrogen bombaları, həm də onların hibrid formaları – qarışıqlar (həm parçalanma, həm də hidrogen bombasının partlayış imkanları) mövcuddur. Hər hansı bir ölkəyə belə silahın atılması böyük fəlakətdir”.

İranda artıq ABŞ-la müharibə səviyyəsinə çatan bir vəziyyətin yarandığını və ölkənin nüvə materiallarına malik olub təhvil verməməsinin dünyada böyük təşviş yaratdığını qeyd edən akademik vurğulayıb:

”İran dinc səviyyədə zənginləşdirmə aparsaydı (5-6% zənginləşdirmə), heç kəsin buna etirazı yox idi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nizamnaməsində hər bir ölkənin dinc atom hüququ tanınır.

Lakin məlumdur ki, İranda 60% zənginləşdirilmiş 400 kiloqrama yaxın (235 izotoplu) material var və bu, hətta həcmi böyük olsa belə, nüvə silahı hazırlamağa kifayət edəcək materialdır.

Buna baxmayaraq, beynəlxalq səviyyədə ekspertlər peyk vasitəsilə istənilən ölkədə gizlədilmiş nüvə və radiaktiv materialları qeydə ala bilirlər. Bu müharibənin qurtarması üçün hər iki tərəf müəyyən qədər güzəştə getməli və razılaşmaya gəlməlidir”.

Azərbaycan üçün radiasiya təhlükəsi varmı?

Akademik Azərbaycanla sərhəd olan İranda baş verə biləcək potensial təhlükələrin ölkəmizə təsir ehtimalını belə qiymətləndirib:

”İranın nüvə obyektlərinin və hərbi məqsədli güdən ərazilərin çoxu ölkənin cənubunda yerləşir və bu obyektlər bizdən çox uzaqdadır. Həmin obyektlərin və hədəflərin bizə təsir etmə ehtimalı çox azdır. Radiasiya buludunun yayılması və ölkəmizə gəlməsi tamamilə meteoroloji şəraitdən, xüsusilə də küləklərin istiqamətindən asılıdır. Əgər küləklər cənub, cənub-qərb, cənub-şərq, şərq, qərb-şərq istiqamətlərində əsərsə, az da olsa bulud ərazimizə gələ bilər, lakin birbaşa ciddi və həyati təhlükə yaratması qeyri-mümkündür”.

Əhalinin üç günlük ərzaq ehtiyatı yığması kimi xəbərlərin heç bir elmi əsası olmadığını vurğulayan akademik bildirib ki, nüvə materiallarının yarımparçalanma dövrləri illərlə (38-39 illərlə) ölçülür, heç də 3 günlə bitmir:

”Parçalanma zamanı ətraf mühitə 86-ya yaxın radioaktiv izotop ayrılır ki, bunlar ətraf mühitdə uzun müddət radiasion fon yarada bilər. Lakin 3 günlük ehtiyat yaratmaq və ya 3 gündən sonra h hər şeyin bitəcəyini düşünmək səhvdir.

Xüsusi qurumlar bu məsələlərlə bağlı açıqlama verməli, cəmiyyətdə yaranan əsassız narahatlıqların qarşısı alınmalıdır.

Ümumən götürdükdə, Azərbaycanın bu sahədə heç bir təhlükəsi və qorxusu yoxdur, çünki ABŞ və Qərbin hədəf aldığı nüvə obyektləri ölkəmizdən çox-çox uzaq məsafələrdə yerləşir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*