İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.
Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda , ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökümətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır.
Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun , kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir və özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasın da bildirib ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı üçün ilk növbədə dövlətin iqtisadiyyatda birbaşa iştirakının optimal səviyyəyə endirilməsi və özəl sektorun fəaliyyət imkanlarının genişləndirilməsi vacibdir.

“ Dövlətin əsas vəzifəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan daha çox, biznes üçün bərabər və şəffaf qaydalar yaratmaq, qanunların icrasına nəzarət etmək və sağlam rəqabəti qorumaq olmalıdır. Sahibkar öz fəaliyyətini həyata keçirərkən əsassız yoxlamalar, inzibati maneələr, süni məhdudiyyətlər və müxtəlif qurumların müdaxilələri ilə üzləşməməlidir. Bunun üçün dövlət nəzarəti risk əsaslı prinsiplərlə təşkil edilməli, yoxlamaların sayı və sahibkarların üzləşdiyi bürokratik prosedurlar minimuma endirilməlidir.
İkinci mühüm məsələ sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Liberal iqtisadiyyatın əsas prinsipi ondan ibarətdir ki, bazarda heç kimə xüsusi imtiyaz verilməməli, bütün sahibkarlar eyni qaydalar əsasında fəaliyyət göstərməlidir. Əgər hansısa şirkət dövlət resurslarına, güzəştli kreditlərə, tenderlərə və bazarlara çıxış baxımından digərlərindən üstün imkanlara malikdirsə, bu, rəqabəti zəiflədir. Ona görə də inhisarçılığa qarşı mübarizə gücləndirilməli, dövlət satınalmaları tam şəffaflaşdırılmalı, bazara yeni iştirakçıların daxil olması üçün maneələr aradan qaldırılmalıdır”.
A.Nəsirli vurğulayır ki, digər vacib istiqamət dövlət müəssisələrinin iqtisadiyyatda rolunun tədricən optimallaşdırılmasıdır.
“Dövlətin nəzarətində olan bəzi kommersiya müəssisələrinin özəlləşdirilməsi, idarəetmənin peşəkarlaşdırılması və özəl investisiyalar üçün yeni imkanların yaradılması iqtisadi fəallığı artıra bilər. Ancaq özəlləşdirmə formal xarakter daşımamalı, dövlət inhisarının özəl inhisarla əvəzlənməsinə gətirib çıxarmamalıdır. Əsas məqsəd bazarda real rəqabət yaratmaqdır.
Yerli sahibkarların xarici investorlarla bərabər imkanlara malik olması da xüsusi əhəmiyyət daşıyır. Xarici investorlara yaradılan şərait yerli biznes üçün də əlçatan olmalıdır. Vergi güzəştləri, kredit resursları, torpaq sahələri, infrastruktur və dövlət dəstəyi mexanizmlərində ayrı-seçkiliyə yol verilməməlidir. Xüsusilə kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, girov tələblərinin yumşaldılması və sahibkarlıq mühitində hüquqi təminatların gücləndirilməsi vacibdir”.
Onun sözlərinə görə, ən mühüm məsələlərdən biri də mülkiyyət hüququnun qorunması və məhkəmə sisteminə inamın artırılmasıdır.
“Sahibkar bilməlidir ki, onun əmlakı, investisiyası və biznes fəaliyyəti hüquqi müdafiə altındadır. Mübahisələr yarandıqda məhkəmələr obyektiv qərar verməli, sahibkar inzibati resurs qarşısında müdafiəsiz qalmamalıdır.
Ümumilikdə, liberal iqtisadiyyatın inkişafı üçün əsas yanaşma dövlətin biznesə mane olan deyil, biznesin inkişafı üçün şərait yaradan tərəfə çevrilməsidir. İqtisadiyyat nə qədər çoxsaylı müstəqil sahibkarların, rəqabət aparan şirkətlərin və özəl investisiyaların hesabına inkişaf edərsə, ölkədə həm məhsuldarlıq, həm məşğulluq, həm də əhalinin gəlirləri üçün daha geniş imkanlar yaranar”.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusuna uyğun olaraq dərc edilir.

