İran Prezidenti İbrahim Rəisi ölkənin məsul şəxslərinin yerli vaksin istehsalı ilə bağlı verdikləri bütün vədlərin puç olduğunu etiraf edib.
KONKRET.az xəbər verir ki, o, ölkənin azı 100 milyon doza vaksinə ehtiyacı olduğunu deyib.
Rəisinin sözlərinə görə, yerli istehsal olan vaksin İran cəmiyyətinin ehtiyacını qarşılaya bilməyib və dövlət bu səbəbdən xaricdən vaksin almağa qərar verib.
Lakin, o indiyə qədər 40 milyon doza vaksin əldə edildiyini iddia edib. Bununla belə, Rəisi həmin 40 milyon dozanın yerli və ya xaricdən aldıqları vaksin olub-olmamasını dəqiqləşdirməyib.
Qeyd edək ki, təqribən 9 ay öncə İranın ali rəhbəri Əli Xamenei Qərb ölkələrində istehsal olunan vaksinlərə “güvənmədiyi” üçün onların ölkəyə gətirilməsini qadağan etmiş, bunun yerinə Rusiya və Çin vaksinlərinə üstünlük vermişdi. Ancaq sonrakı aylarda İran rəsmilərinin dost və tərəfdaş ölkələr adlandırdıqları Rusiya və Çin İrana çox az sayda vaksin satmışdı. Bu üzdən Tehran “Bərəkət” adlı yerli vaksin istehsal edəcəyini elan etmişdi.
İlk vaxtlar İran hökuməti “Bərəkət”in propaqandasına geniş yer versə də, sonradan onun koronavirusa qarşı heç bir təsirinin olmaması məlum olmuş, eləcə də vaksin istehsalının uzun müddət gecikməsi nəticəsində ölkədə bu infeksiyaya yoluxan və ölənlərin sayı kəskin artmışdı. Avqust ayında isə Xamenei geri addım ataraq nə yolla olur-olsun, hətta Qərb istehsalı olan vaksinlərin də ölkəyə gətirilməsinə tapşırıq vermişdi.
Mənbə: “Azad İran”
