Fransada yeniyetmənin qətlindən sonra kütləvi iğtişaşlar davam edir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, indi iğtişaşçılar Tuluza, Ren, Rube (Lill yaxınlığında), Klişi və Argenteuil şəhərlərinin küçələrinə çıxıblar.
Media və hadisə şahidlərinin verdiyi məlumata görə, Fransada dəstələr polis əməkdaşlarına hücum etməyə başlayıb. Belə ki, onlar hüquq-mühafizə orqanları əməkdaşlarının avtomobillərini yandırır, evlərinin şüşələrini sındırır və mənzillərinə soxulurlar.
Bundan əlavə, bəzi şəhərlərdə partlayış və atəş səsləri eşidilir.
Qeyd olunub ki, hazırda polisə atəş açmaq qadağan olunduğu üçün etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilir.
Xatırladaq ki, iğtişaşlara səbəb 17 yaşlı əlcəzairəsilli yeniyetmənin polis əməkdaşı tərəfindən öldürülməsi olub. Gənc yol hərəkəti qaydalarını pozaraq asayiş keşikçisinin tələbi ilə avtomobili tərk etməkdən imtina edib. Buna cavab olaraq asayiş keşikçisi yeniyetməni uzaq məsafədən güllələyib.
İqbal Rzayev,
KONKRET.az
