İlham Əliyev biganə dünyanı bir daha utandırdı – CIDIR DÜZÜNDƏN MESAJLARbackend

İlham Əliyev biganə dünyanı bir daha utandırdı – CIDIR DÜZÜNDƏN MESAJLAR

Nəhayət həmin gün gəldi. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşa şəhərinə səfər etdi.

Yəqin razılaşarsınız ki, Azərbaycan Prezidentinin erməni işğalından azad olunmuş torpaqlarımızda müstəqil dövlətimizin üçrəngli bayrağını ucaltması soydaşlarımızda xüsusi qürur hissi doğurur. Mədəniyyat paytaxtı elan edilən Şuşada bu tarixi hadisənin baş verməsi isə ikiqat sevincə səbəbdir.

Prezident Şuşada yüksəklərə təkcə Azərbaycan bayrağını ucaltmadı. O, həm də mədəniyyətimizin görkəmli simalarının – Xurşid banu Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün, Molla Pənah Vaqifin ruhlarını şad etdi. Bütün dünyanın gözü qarşısında Natəvanın, Üzeyir bəyin, Bülbülün ermənilər tərəfindən gülləbaran edilmiş büstlərini Şuşaya qaytardı, Vaqifin məqbərəsini ziyarət etdi. Bu zaman ümummilli lider Heydər Əliyevin 1982-ci illərdə Şuşaya səfərləri zamanı çəkilmiş müxtəlif şəkillərini nümayiş etdirməklə, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında müstəsna xidmətlər göstərmiş atasının ruhunu şad etdi.

Şuşanın qədim küçələrini piyada dolaşdı, şəhərdəki məscidlərə Məkkədən gətirdiyi Quran kitablarını hədiyyə etdi, burada dualar oxudu. Yeri gəlmişkən, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın bu dini rituallar zamanı davranışı yəqin ki, bütün dindarların ürəyindən xəbər verir. Azərbaycan mədəniyyətinin və incəsənətinin, dini mənəviyyatımızın, humanitar dəyərlərin təbliği və inkişafı baxımından Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən işlər misilsizdir.

Amma onun Ağdam və Şuşadakı məscidlərin divarlarına böyük ehtiramla toxunması Vətənimizin və xalqımızın ocağının qoruyucusu təsəvvürü yaradır. Elə 44 günlük müharibənin gedişi zamanı yaralı hərbçilərimizi ilk dəfə ziyarət etdikdən sonra Mehriban xanımın kövrəlməsi, göz yaşlarını saxlaya bilməməsi də onun xalqımıza doğma münasibətlə yanaşmasından irəli gəlirdi. Çünki Mehriban xanım hər bir ananın yerinə özünü qoymağı bacaran dövlət xadimlərindən biridir. O, bu xüsusiyyətini Aprel döyüşlərindən sonra şəhid anaları və xanımları ilə görüşləri zamanı onların dərdinə şərik çıxmaqla nümayiş etdirmişdi.

Qarabağı, gözəl Şuşamızı xalqımıza qaytarmaq isə həqiqətən böyük işdir, xöşbəxtlikdir. Və bu böyük səadət dəmir yumruğa və dəmir məntiqə malik olan Prezident İlham Əliyevə nəsib oldu. Millətimizi ürəkdən sevindirmək, ona qalib xalq olduğunu hiss etdirmək, düşmənə və onun havadarlarına meydan oxumaq çox böyük və şərəfli missiyadır.

Bu hissləri, duyğuları sözlə ifadə etmək, tam anlamı ilə doya-doya yaşamaq qeyri-mümkündür. Çünki torpaqlarımızın azad olunması Azərbaycanın qəhrəman övladlarının qanı və canı bahasına başa gəlib. Onların itkisi bütün xalqımızın qəlbinə vurulan yaradır. Erməni mənfurlarının satqınlığı, xəyanəti, məkrliyi, faşist mahiyyəti neçə-neçə görkəmli xadimlərimizin ürəyinin partlamasına səbəb olub. Xalqımızın heysiyyatının tapdanmasına, bir çox insanımızın həyatlarının məhvinə gətirib çıxarıb. Amma 17 illik hakimiyyəti dövründə bütün bunların qisasının alınması üçün ordumuzu qalibiyyətə hazırlayan Sərkərdənin olması “bəxtimiz varmış” deməyə əsas verir.

Azərbaycan Prezidentinin belə səfərlər zamanı xalqla açıq dildə danışması diqqəti xüsusilə cəlb edir. Onun məhz Şuşa işra hakimiyyətinin inzibati binasından “separatçıların statusu cəhənəmmə getdi, gorbagor oldu” bəyanatı 11 yanvar 2021-ci il tarixli üçtərəfli Moskva görüşü zamanı qalib Azərbaycanın heç bir məsələdə geri addım atmadığını, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini nəzərə çatdırırdı.

Şuşa şəhərinə səfərin ən maraqlı anlarından biri Azərbaycan Prezidentinin Cıdır düzünə qalxması oldu. Vaxtilə mənfur düşmənin baş nazirinin burada rəqs etməsi bütün xalqımızın heysiyyatına toxunmuşdu. Bu məqamdan əsassız tənqid üçün sui-istifadə edən qüvvələr də vardı. Bilərəkdən, qəsdən, abırsızcasına “Azərbaycan Prezidenti Şuşaya gedə bilirmi?” deyə yaxalarını cıranlar vardı. Prezidentimiz Cıdır düzünə qalib xalqın müzəffər Sərkərdəsi və əsl dövlət başçısı kimi qədəm qoymaqla onların da cavabını verdi. Özü demişkən, “dostları sevindirdi və düşmənləri kor etdi”.

Azərbaycan Prezidenti biganə dünyanı bir daha utandırdı. Üzeyir bəyin, Natəvanın, Bülbülün büstlərinin gülləbaran edilməsinə, bu abidələri Ermənistan hakimiyyətindən pul hesabına geri qaytardığımıza, 26 il onları Bakı İncəsənət Muzeyinin həyətində saxlamağa vadar olduğumuza, Vaqifin məqbərəsinin, Natəvanın sarayının, Bülbülün evinin və həyətindəki büstünün, eləcə də daha neçə-neçə qədim abidələrimizin barbarcasına dağıdılmasına göz yumduqlarına və susduqlarına görə şiddətlə qınandılar.

Bəzi müsəlman dövlətləri də cavabsız qalmadılar. Onlar Azərbaycanın razılığı olmadan Şuşadakı Gövhər Ağa məscidini təmir etməklə digər məscidləri viran qoyan, orada donuz, inək saxlayan Ermənistana “multikultural” dəstək vermək cəhdlərinə, işğalçı ilə iqtisadi əlaqələr qurduqlarına görə utanc yerinə çevrildilər.

İlham Əliyev isə Şuşadakı Qazançı kilsəsini də ziyarət etməklə bir daha dövlətimizin və xalqımızın multikultural dəyərlərə təkcə sözdə deyil, əməldə də sadiq olduğunu nümayiş etdirdi.

Xatirə SADİQ,

KONKRET.az

  • Vüqar
    Yanvar 16, 2021 - 12:57

    Formalaşmanız batsın. Gül kimi TƏŞƏKKÜL sözü var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*