backend

İlham Əliyevin çıxışı BMT-ni silkələdi - DEPUTATDAN AÇIQLAMA

“BMT-nın qeyri-operativ fəaliyyəti nəticəsində bir çox bölgələrdə, xüsusən müsəlman ölkələrində müharibələr səngimir”.

Bunu KONKRET.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev BMT-nın Baş Assambleyasının 75-ci sessiyasında iki statusda çıxış etdi: “Birincisi,  Qoşulmama hərəkatı təşkilatının sədri, ikinci Azərbaycanın dövlət Başçısı timsalında. Cənab Prezident çıxışının birinci hissəsində Qoşulmama hərəkatının BMT  sistemindəki rolu, əhəmiyyəti, qarşılaşdığı problemlər, pandemiya ilə bağlı mübarizə, humanitar məsələlər barədə məlumat verdi. Birləşmiş Millətlər Təşkilatının müasirləşdirilməsi, gəncləşdirilməsinin vacibliyini, təşkilatın strukturlarında ciddi islahatların aparılması zərurətini bəyan etdi. BMT 1945-ci ildə yarandığı gündən öz nizamnaməsinə uyğun olaraq, əsasən planetin qarşısında duran vəzifələrin öhdəsindən gəlib, yeni dünya müharibəsinin başlanmasına imkan verməyib. Ancaq bu günki reallıq ondan ibarətdir ki, 20-ci əsrdə yaranmış təşkilat, 21-ci əsrin qlobal çağırışlarına cavab vermir. Təşkilatın bəzi strukturlarında, ələlxüsus Təhlükəsizlik Şurasında yaranmış vəziyyət, beynəlxalq hüquq normalarının tapdanması, müxtəlif regionlarda baş verən proseslərə üzv ölkələr tərəfindən subyektiv yanaşmalar, ədalətsiz lobbiçilik, ikili standartlar və s.təşkilatın nüfuzuna xələl gətiririr. Milyardlarla insanda gələcəyə ümidsizlik yaradır”.

Deputat vurğulayıb ki, BMT-nın qeyri-operativ fəaliyyəti nəticəsində bir çox bölgələrdə, xüsusən müsəlman ölkələrində müharibələr səngimir: “Bunun bariz nümunəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində görmək olar. Prezident İlham Əliyev çıxışının ikinci hissəsində münaqişənin yaranma səbəbləri, BMT TŞ-nın yerinə yetirilməyən 4 qətnaməsi, Ermənistan hakimiyyətinin destruktiv mövqeyi, danışıqlar prosesindən yayınması, yaranmış status-kvonun süni şəkildə uzadılması, Livanın paytaxtı Beyrut şəhərində baş vermiş partlayışdan sonra erməni əsilli insanların Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması, Yaxın Şərq ölkələrindən, konkret olaraq İraqdan, Suriyadan, Livandan terrorçu dəstələri Qarabağda yerləşdirməsi barədə ətraflı məlumat verdi”.

Nəsib Məhəməliyev söyləyib ki, Ermənistan son 30-ilə yaxın müddətdə mülki azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib, Xocalı şəhərini yerlə yeksan etmişlər, dini, tarixi, mədəni abidələrimizi dağılıb. Təbii sərvətləri vəhşicəsinə istismar edirlər. Ölkə başçısının çıxışında sadalananların hər birisi beynəlxalq cinayət hesab olunur və Ermənistan BMT üzvü kimi ciddi cəzalandırılmalıdır. Çünki nizamnaməyə görə bir ölkə digər ölkənin ərazisinə hərbi müdaxilə edərsə, dərhal qarşısı alınmalı, cəzalandırılmalıdır. Təəssüflər olsun ki, TŞ-nın qətnamələrindən uzun müddət keçməsinə baxmayaraq, icra olunmamışdır. Ona görə də bir çox ölkələr haqlı olaraq BMT-də islahatların keçirilməsini, proporsianal təmsilçiyi tələb edirlər.

Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik aparılmalı, planetin bütün regionlarının, mədəniyyətlərinin proporsional təmsilçiliyi təmin olunmalıdır.

Deputat onu da qeyd edib ki, qəbul olunmuş qərarların, qətnamələrin icra mexanizmi dəqiqliklə göstərilməlidir: “Qətnamələri vaxtında yerinə yetirməyən ölkələrə və onların rəhbərliklərinə  qarşı təxirə salınmaz cəza tədbirləri müəyyənləşdirilməlidir. Ümumiyyətlə 75-ci sessiyada Prezident İlham Əliyevin çıxışı Azərbaycan həqiqətlərini dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi. Qoşulmama Hərəkatı ilə bağlı çıxışı isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi qəbul olunmalıdır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*