“İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatlarından sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edərək torpaqlarını işğaldan azad etdi. Bu qələbədən sonra istər regionda, istərsə də beynəlxalq platformalarda ölkəmizə münasibət, dövlətlərarası əməkdaşlıq və ikitərəfli əlaqələr yeni müstəvidə qiymətləndirilməyə başladı. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Naxçıvan Muxtar Respublikasına yanaşmada da yeni istiqamətlər müəyyənləşdirərək bu sahədə bir sıra mühüm qərarlar qəbul etdi”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı bölgənin gələcək inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bir daha aydın şəkildə nümayiş etdirilib:
“Artıq bu istiqamətdə atılan addımlar avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı tamamilə aydın oldu. Naxçıvanda həyata keçiriləcək layihələr, görüləcək işlər və yeni müəssisələrin açılışı uzun illər blokadada olmuş muxtar respublikanın regionun mühüm geosiyasi məkanlarından birinə çevrilməsi potensialını daha da artırır.
Bəllidir ki, Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu gün onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər daha da genişlənib.
Naxçıvanın inkişafı, eləcə də bütövlükdə Azərbaycanın tərəqqisi üçün mühüm layihələr reallaşdırılıb. Prezidentin səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsi, yeni nəqliyyat-kommunikasiya əlaqələrinin formalaşdırılması və Şərq-Qərb əlaqələrinin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır”.
Naxçıvanın iqtisadi potensialı genişləndirilir
E.Səftərov vurğulayıb ki, Naxçıvanda istehsal və xidmət sahələrinin, sahibkarlıq müəssisələrinin inkişafı, iqtisadi artım üçün yeni imkanların yaradılması, enerji və su təhlükəsizliyi ilə bağlı genişmiqyaslı proqramların həyata keçirilməsi, aqrar sektorun inkişafı və sosial infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülür.
Onun sözlərinə görə, şəhid ailələrinə diqqət və qayğının artırılması, yolların və şəhər nəqliyyatının yenilənməsi də muxtar respublikanın inkişaf strategiyasının əsas istiqamətlərindəndir.
“Artıq Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşaqlarından birinə çevrilmək potensialına malikdir. Muxtar respublikanın strateji mövqeyini daha da əhəmiyyətli edən əsas amillərdən biri Zəngəzur dəhlizi ilə bağlı nəqliyyat imkanlarıdır.
Bu çərçivədə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək dəmir yolu bağlantısının bərpası, həmçinin Türkiyə ərazisində Qars–İğdır–Naxçıvan dəmir yolu xəttinin yaradılması mühüm əhəmiyyət daşıyır.
Bu layihələr Naxçıvanın regional və beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirməklə onun tranzit, logistika və ticarət imkanlarını genişləndirə bilər.
Naxçıvana artan diqqət və həyata keçirilən genişmiqyaslı layihələr onun Azərbaycan üzərindən keçən nəqliyyat və tranzit marşrutlarının mühüm qovşaqlarından birinə çevrilməsinə şərait yaradır. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın bu sistemdə rolunu daha da gücləndirə bilər”.
Naxçıvanın geoiqtisadi əhəmiyyəti artır
Siyasi şərhçinin sözlərinə görə, Naxçıvanın Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanı birləşdirən marşrutların kəsişməsində yerləşməsi onun tranzit potensialını artıran əsas amillərdəndir.
“Naxçıvanın Türkiyə və İranla həmsərhəd olması, eləcə də Ermənistan istiqamətində mühüm coğrafi mövqeyə malik olması onun nəqliyyat və logistika imkanlarını genişləndirir.
Gələcəkdə Mərkəzi Asiyadan Azərbaycana, buradan Türkiyə və Avropaya uzanan yükdaşıma və enerji marşrutlarının Naxçıvanla əlaqələndirilməsi muxtar respublikanın geoiqtisadi əhəmiyyətini daha da yüksəldə bilər”.
Sosial layihələr və şəhərsalma diqqət mərkəzindədir
Ekspert Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində 518 mənzilli sosial ev kompleksinin təməlinin qoyulmasını da mühüm addım kimi qiymətləndirib:
“Bu layihə Naxçıvanda əhalinin mənzil təminatının yaxşılaşdırılmasına, müasir yaşayış şəraitinin yaradılmasına və sosial infrastrukturun inkişaf etdirilməsinə xidmət edəcək.
Səfər çərçivəsində mədəni abidələrin açılışı, Əcəmi Naxçıvaninin irsinin və Möminə Xatun türbəsinin bərpası ilə bağlı görülən işlər Azərbaycanın tarixi-mədəni irsinə verdiyi dəyərin real nümunəsidir.
Diqqət çəkən əsas məqamlardan biri də Naxçıvan şəhərinin 2044-cü ilədək Baş planının Prezidentə təqdim olunmasıdır. Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, burada da uzunmüddətli inkişaf konsepsiyası əsasında layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Baş planda şəhər mərkəzinin yenilənməsi, yaşıllıq sahələrinin artırılması, nəqliyyat və sosial infrastrukturun inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi kimi mühüm hədəflər müəyyənləşdirilib. Bu istiqamətdə görüləcək işlər şəhər həyatının daha da rahatlaşdırılmasına və infrastruktur imkanlarının genişləndirilməsinə təkan verə bilər”.
E.Səftərov əlavə edib ki, Naxçıvan şəhərində “Naxçıvan” mehmanxana kompleksinin təməlinin qoyulması da turizmin inkişafı baxımından əhəmiyyətlidir:
“Bu layihə şəhərin turizm baxımından cəlbediciliyinin artırılmasına xidmət edə bilər. Ümumilikdə Prezidentin səfəri zamanı Naxçıvanın inkişafına kompleks yanaşmanın şahidi olduq.
Bundan əlavə, Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması əhaliyə göstərilən sosial xidmətlərin daha əlçatan və operativ təşkilinə imkan verəcək. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərəcək mərkəz vətəndaşların müxtəlif xidmətlərdən daha rahat yararlanmasına və vaxt itkisinin azalmasına şərait yaradacaq”.
Sənaye və enerji layihələri yeni imkanlar yaradır
Ekspert Naxçıvanda nəqliyyat və enerji infrastrukturunun yenilənməsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Naxçıvanda elektrik avtobusları və dəmir yolu infrastrukturu yenilənir, təmir və bərpa işləri aparılır. Sənaye Parkının təməlinin qoyulması yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verə bilər.
Yenidən qurulan və yaradılan müəssisələrlə yanaşı, elektrik və günəş elektrik stansiyalarının istifadəyə verilməsi də Naxçıvanın iqtisadi və enerji potensialının artırılmasına əlavə imkanlar yaradır”.
“Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid inkişaf konsepsiyası ilə irəliləyə bilər”
Elmir Səftərov bildirib ki, Prezident İlham Əliyevin çıxış və müsahibələrində Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə yanaşmalarının Naxçıvanda da tətbiq ediləcəyinə dair mesajlar verməsi xüsusi əhəmiyyət daşıyır:
“Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanın vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsi gələcək üçün mühüm perspektivlər açır.
Bu yanaşma gələcəkdə Zəngəzur dəhlizindən keçəcək yüklərin həcminin artmasına və Naxçıvanın tranzit imkanlarının genişlənməsinə də şərait yarada bilər.
Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin yaradılması, iqtisadi fəallığın artması və Naxçıvanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yarana bilər”.
Naxçıvan üçün yeni mərhələ
Siyasi şərhçinin fikrincə, Naxçıvanda hazırda hərtərəfli inkişaf strategiyası həyata keçirilir və muxtar respublikanın sosial-iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik imkanlarının genişləndirilməsi istiqamətində kompleks tədbirlər görülür.
“Ümumilikdə görürük ki, Naxçıvanda hərtərəfli inkişaf strategiyası tətbiq olunur. Prezident İlham Əliyev muxtar respublikanın inkişafı üçün zəruri olan demək olar ki, bütün istiqamətləri diqqətdə saxlayır.
Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı potensialının gücləndirilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan qeyd edə bilərik ki, Naxçıvan artıq yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Naxçıvanın hərtərəfli inkişafına, Azərbaycanın regional mövqeyinin daha da güclənməsinə və ölkəmizin ümumi tərəqqisinə mühüm təkan verəcək”.
Aynurə İsmayıl
KONKRET.az
