İllərdir əməl etdiyimiz qaydalar səhv imiş: Şifrələrinizi belə seçməyin! – XƏBƏRDARLIQ backend

İllərdir əməl etdiyimiz qaydalar səhv imiş: Şifrələrinizi belə seçməyin! - XƏBƏRDARLIQ 

İllərdir internet istifadəçilərindən şifrələrində böyük hərf, rəqəm və xüsusi simvollar işlətməyi tələb edən qaydaların müəllifi Bill Burr bu tövsiyələrinə görə peşman olduğunu açıqlayıb. Onun 2003-cü ildə hazırladığı sənəd uzun müddət dövlət qurumlarından böyük şirkətlərə qədər bir çox təşkilatın şifrə siyasətinin əsasını təşkil edib.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunda (NIST) çalışan Bill Burr 2003-cü ildə şifrələrin təhlükəsizliyi ilə bağlı səkkiz səhifəlik təlimat hazırlayıb. Sənəddə istifadəçilərə şifrələrdə böyük və kiçik hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan istifadə etmək, həmçinin onları müəyyən aralıqlarla dəyişdirmək tövsiyə olunurdu.

Bu yanaşma qısa müddətdə geniş yayıldı. Nəticədə 90 gündən bir şifrə yeniləmək tələbi və mürəkkəb simvol kombinasiyaları uzun illər internet təhlükəsizliyinin əsas qaydalarından birinə çevrildi.

Lakin Burr sonradan hazırladığı tövsiyələrin effektivliyinə şübhə ilə yanaşıb. O, 2017-ci ildə “The Wall Street Journal”a açıqlamasında “Etdiklərimin çoxundan peşmanam” deyib. Mütəxəssis bildirib ki, həmin vaxt real istifadəçi məlumatlarına çıxışı olmayıb və tövsiyələrini əsasən əvvəlki texniki araşdırmalara söykənərək hazırlayıb.

Köhnə qaydalar niyə dəyişdirildi?

Araşdırmalar göstərib ki, mürəkkəb simvol tələbləri istifadəçiləri daha təhlükəsiz şifrələr yaratmağa deyil, asanlıqla təxmin edilə bilən kombinasiyalara yönəldib. Məsələn, adi “password” sözü “P\@ssw0rd!” formasına salınırdı. Müəyyən müddətdən bir şifrəni dəyişmək tələbi isə bir çox insanın sadəcə son rəqəmi yeniləməsi ilə nəticələnirdi.

NIST 2017-ci ildə şifrə siyasətini yenidən nəzərdən keçirib. Qurumun 2025-ci ildə yayımladığı SP 800-63B-4 standartında isə əvvəlki yanaşmadan əhəmiyyətli dərəcədə fərqli prinsiplər müəyyənləşdirilib.

Yeni qaydalara əsasən, yalnız şifrə ilə qorunan hesablar üçün minimum 15 simvol tələb olunur. İki mərhələli doğrulama ilə istifadə edilən şifrələrdə bu hədd 8 simvol ola bilər. Sistemlər ən azı 64 simvolluq şifrələrə imkan yaratmalı, böyük hərf, rəqəm və xüsusi simvol kombinasiyasını məcburi tələb etməməlidir.

Bundan başqa, istifadəçilərdən şifrələrini mütəmadi olaraq dəyişdirmək tələb olunmamalıdır. Yalnız şifrənin ələ keçirildiyinə dair şübhə və ya sübut olduqda onun yenilənməsi zəruri sayılır.

NIST həmçinin geniş yayılmış və əvvəllər məlumat sızmalarında üzə çıxmış şifrələrin istifadəsinin qarşısının alınmasını, parol menecerlərinə və avtomatik doldurma funksiyalarına icazə verilməsini tövsiyə edir.

Mütəxəssislərin hazırkı yanaşmasına görə, çətin yadda qalan simvol kombinasiyaları əvəzinə bir-biri ilə əlaqəsi olmayan bir neçə sözdən ibarət uzun şifrələr seçmək daha məqsədəuyğundur. Hər hesab üçün fərqli şifrədən istifadə etmək və iki mərhələli doğrulamanı aktivləşdirmək də təhlükəsizliyi artıran əsas tədbirlər sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*