Bakı Apellyasiya Məhkəməsində S.S. (adı, soyadı şərtidir) Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri), 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələ yaranıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, ibtidai istintaq orqanı tərəfindən baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi üzrə məhkəmə özünü işə baxmağa səlahiyyətli hesab etməyərək işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Şəki Ağır Cinayətlər Məhkəməsi qərarını cinayət əməlinin xaricdə törədilməsi ehtimalı ilə əsaslandırıb. Məhkəmə hesab edib ki, belə halda cinayət işinin ərazi üzrə məhkəmə aidiyyəti Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsinə əsasən müəyyən edilməlidir. Qərarda təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında sonuncu yaşayış yerinin Gəncə şəhəri olması da nəzərə alınıb. Bu əsasla Şəki Ağır Cinayətlər Məhkəməsi cinayət işinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olduğu qənaətinə gəlib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi isə Şəki Ağır Cinayətlər Məhkəməsinin cinayət işinin ərazi aidiyyəti ilə bağlı gəldiyi nəticə ilə razılaşmayıb. Məhkəmənin qərarı ilə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi hesab edib ki, iş üzrə ərazi aidiyyəti cinayətin törədildiyi yeri müəyyən edən ümumi qaydaya uyğun olaraq, yəni CPM-in 74.1-ci maddəsinə əsasən müəyyən edilməlidir.
Qərarda göstərilib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci maddəsi ilə istinad olunan əməl zərərçəkmiş şəxsin Bakı Beynəlxalq Hava Limanından Azərbaycan Respublikasının dövlət sərhədini keçərək Türkiyə Respublikasına getməsi ilə başa çatıb.
Bu səbəbdən Gəncə Ağır Cinayətlər Məhkəməsi cinayətin Bakı şəhəri ərazisində başa çatdığı qənaətinə gəlib və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı olduğunu hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə cinayət işi məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi öz qərarında diqqətə çatdırıb ki, Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən iş məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra Gəncə məhkəməsi aidiyyət məsələsində fərqli nəticəyə gəlibsə, cinayət işini birbaşa başqa birinci instansiya məhkəməsinə göndərməməli idi.
Məhkəmənin mövqeyinə görə, belə halda yaranmış fikir ayrılığının həlli üçün CPM-in 77.1-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq prosessual hərəkətlər həyata keçirilməli idi.
Bakı Ağır Cinayətlər Məhkəməsi iş materiallarını nəzərdən keçirərək hesab edib ki, hazırkı mərhələdə məhkəmə aidiyyəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən CPM-in 77.1-ci maddəsi qaydasında həll edilməli fikir ayrılığı mövcud deyil.
Bu səbəbdən məhkəmə cinayət işinin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasına qərar verib.
Qərara əsasən, təqsirləndirilən S.S.-in Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi onun Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılıb.
Bundan asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi nəzərdə tutulub.
