İran rəhbərliyi ABŞ-a etimad etmədiyini və Vaşinqtonla hər hansı danışıqlar aparmaq niyyətində olmadığını bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə İranın ali liderinin müşaviri Məhəmməd Möxbər açıqlama verib.
Onun sözlərinə görə, ABŞ tərəfinə heç bir inam yoxdur və danışıqlar üçün əsas mövcud deyil.
Müşavir bildirib ki, İran lazım gəldiyi qədər hərbi qarşıdurmanı davam etdirməyə hazırdır.
Möxbər qeyd edib ki, İran silahlı qüvvələri 1980–1988-ci illərdə İraqla baş vermiş səkkizillik müharibə zamanı olduğu kimi, mümkün təhdidlərə qarşı dayanmaq gücündədir.
“Tarixi təcrübə göstərir ki, biz müharibədən qorxmuruq və onu davam etdirməkdən çəkinmirik”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın ABŞ ilə mümkün razılaşmanı müzakirə etməkdən imtina etməsi ilə bağlı iddiaları təkzib edib. Onun sözlərinə görə, Vaşinqton və Təl-Əvivin hərbi əməliyyata başlamasından əvvəl dialoq aparılıb.
ABŞ prezidenti Donald Tramp isə martın 3-də paylaşım edərək İranla danışıqlar aparmağın artıq “çox gec” olduğunu bildirib. O, həmçinin iddia edib ki, İslam Respublikasının artıq hava hücumundan müdafiə sistemi, hava və dəniz qüvvələri, eləcə də rəhbərliyi yoxdur.
Müşviq Tofiqoğlu
KONKRET.az
