İran İslam Respublikası Ordusunun baş komandanı general-leytenant Xatami ölkənin hərbi hava imkanları ilə bağlı beynəlxalq mediada yayılan iddiaları təkzib edib. General son diplomatik səfərlərdən birini misal gətirərək, İran səmasının tam nəzarətdə olduğunu vurğulayıb.
KONKRET.az xəbər verir ki, general Xatami Pakistan Ordusunun baş komandanının İrana rəsmi səfəri zamanı baş tutan maraqlı detalları açıqlayıb. O bildirib ki, yüksək rütbəli qonağın təyyarəsi ölkə hüdudlarına daxil olduğu andan etibarən İran qırıcıları tərəfindən tam müşayiət (eskort) olunub.
Komandanın sözlərinə görə, İran tərəfi Pakistan nümayəndə heyətinə öz müşayiət təyyarələrinə ehtiyac olmadığını qətiyyətlə bildirib:
“Deyirlər ki, İranın Hərbi Hava Qüvvələri məhv edilib. Dünən qonağımız var idi və o, ölkənin hava məkanına daxil olan kimi elan etdik ki, Pakistanın müşayiət təyyarələrinə ehtiyac yoxdur. Biz qonağımızı onların göndərmək istədiyi təyyarə sayından iki qat daha çox qırıcı ilə müşayiət etdik.”
General Xatami bu addımın İranın hərbi qüdrətinin və texniki hazırlığının nümayişi olduğunu qeyd edib. O vurğulayıb ki, xaricdən gələn “İranın aviasiyası sıradan çıxıb” tipli bəyanatlar reallığı əks etdirmir və ölkənin hava hücumundan müdafiə, eləcə də qırıcı aviasiya dəstələri istənilən tapşırığı icra etməyə qadirdir.
Qeyd edək ki, son aylarda bölgədə baş verən hərbi gərginliklər fonunda İranın aviasiya parkının vəziyyəti tez-tez müzakirə mövzusuna çevrilir. Lakin rəsmi Tehranın bu son nümayişkaranə addımı hərbi hazırlığın yüksək səviyyədə saxlanıldığını göstərmək məqsədi daşıyır.
Natiq Səlim,
KONKRET.az
