“İran İsrail-Həmas müharibəsinin daha da genişlənməsini istəmir. Lakin ABŞ və İsrail rejiminin bölgədəki yanaşması müharibənin miqyasının artmasını labüd edir”.
KONKRET.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu yaxınlarda Cenevrəyə səfəri zamanı “Financial Times”a müsahibəsində deyib.
O qeyd edib ki, müharibənin ilk həftələrində və günlərində Amerika rəsmiləri müəyyən diplomatik kanallar vasitəsilə İrana mesajlar göndərərək, Vaşinqtonun müharibənin miqyasını genişləndirmək istəmədiyini bəyan edib və İrandan təmkin nümayiş etdirməsini istəyiblər.
“ABŞ-a cavab olaraq dedik ki, İran müharibənin yayılmasını istəmir. Ancaq ABŞ və İsrailin bölgədə tutduğu yanaşmaya görə, əgər Qəzza və İordan çayının qərb sahili xalqlarına qarşı hərbi cinayətlər dayanmazsa, genişmiqyaslı münaqişə qaçılmaz ola bilər”, – deyə İran XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, bu xəbərdarlığa baxmayaraq, ABŞ İsrailə tam dəstəyini təklif edib və rejimi hər növ hərbi texnika və silahla təchiz edib ki, bu da müharibənin genişlənməsinə səbəb olub.
İran XİN rəhbəri bildirib ki, bölgədə müharibənin miqyasının genişlənməsi artıq başlayıb.
“Yəmən ordusunun işğal olunmuş ərazilərə raket və pilotsuz təyyarələrlə hücum etməsi müharibənin genişlənməyə başladığını göstərir”, – deyə nazir bildirib.
Abdullahiyan əlavə edib ki, Fələstin müqavimət qrupları heç vaxt İrandan müharibəyə getməyi xahiş etməyiblər.
“Çünki onlarda hər şey var və onlar öz raket və dronlarını istehsal edirlər”, – deyə İran XİN rəhbəri bildirib.
Burhan,
KONKRET.az