İran Küveytdə yerləşən dəniz suyunun duzsuzlaşdırılması qurğusuna və elektrik stansiyasına zərbə endirib.
KONKRET.az xəbər verir ki, Küveytin Elektrik Enerjisi və Su Təchizatı Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində obyektin bəzi hissələrində yanğın baş verib və zavodun bir sıra qurğularına ziyan dəyib.
Bildirilir ki, bu, İran qüvvələrinin ardıcıl ikinci gündür Küveytdə həyati əhəmiyyət daşıyan dəniz suyunun duzsuzlaşdırılması obyektlərini hədəfə almasıdır. Küveyt içməli su ehtiyacının təxminən 90 faizini məhz bu qurğular vasitəsilə təmin edir.
Oxşar vəziyyət Oman və Bəhreyndə də müşahidə olunur. Belə ki, Omanda şirin su tələbatının 90 faizi, Bəhreyndə 85 faizi, Səudiyyə Ərəbistanında isə təxminən 70 faizi duzsuzlaşdırma müəssisələrinin hesabına ödənilir.
Xatırladaq ki, 2026-cı ilin martında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlanğıcında da duzsuzlaşdırma qurğuları hücumların hədəfinə çevrilib. Həmin vaxt BMT ilə əlaqəli Ümumdünya Su Şurası bu cür hücumları pisləyərək tərəfləri beynəlxalq humanitar hüquqa əməl etməyə çağırıb. Təşkilat Cenevrə Konvensiyasına istinad edərək, mülki əhalinin həyatda qalması üçün vacib olan içməli su mənbələri və qurğularına hücumların qadağan olunduğunu vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
