İrəvan Avropa ilə Bakının arasını vura biləcəkmi? – Zaur Məmmədovdan CAVABbackend

İrəvan Avropa ilə Bakının arasını vura biləcəkmi? - Zaur Məmmədovdan CAVAB

“Son günlərdə Avropa ilə Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən siyasətçi və aktorların sayı artmaqdadır. Əlbəttə, burda birmənalı şəkildə ermənilərin əli var. Sentyabrın 13-14 aralığındakı hadisələrdə Azərbaycanı günahlandıranlar, hazırda məlum video (əsir məsələsi) ilə bağlı ölkəmizə qarşı informasiya müharibəsi yürüdənlər Avropa İttifaqının rəsmilərinə də müraciət edir və tərəflər arasındakı münasibətləri pozmaq üçün əllərindən gələni əsirgəmirlər”.

Bu sözləri KONKRET.az-a özəl açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, bu kontekstdə avropalı parlamentarilərin Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borelə, həmçinin Fransa XİN rəhbəri Jan-İv Lö Driana ünvanladığı sual və məktublar da onu göstərir ki, Ermənistan və erməni diasporu Avropada Azərbaycana qarşı ciddi prosesə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədovun fikrincə, ermənilər Azərbaycanı Rusiya ilə müqayisə edir və özlərini Ukraynanın vəziyyətində göstərməyə çalışırlar:

“Halbuki, bu müqayisə yanlışdır. Çünki bu günə qədər Ukrayna Azərbaycanla müqayisə olunurdu və hər iki tərəfin ərazi bütövlüyünün pozulmasından danışırdılar. İndi Ermənistan cinah dəyişərək özünü Qərbin yanında olan kimi göstərmək istəyir. Çalışır ki, Azərbaycana qarşı da Kremlə yönələn ağır sanksiyalar tətbiq olunsun. Eyni zamanda, enerji paketlərilə bağlı dondurulma siyasətinin aparılmasının təbliğatı ilə məşğuldurlar. Amma Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində xüsusi rol oynayır. Ukrayna hadisələri fonunda bizim logistik və geosiyasi çəkimiz dayanmadan artmaqdadır. Bu səbəbdən də, ermənilərin planı baş tutmayacaq”.

Politoloq əlavə edib ki, Aİ-Azərbaycan münasibətləri artan xətt üzrə inkişaf edəcək. Amma Avropa Parlamenti və Avropa Şurasının Azərbaycana yanaşmasında qərəz görünməkdədir:

“Bunlar isə ümumilikdə Avropa-Azərbaycan münasibətlərinə təsirsiz ötüşmür. Qərb birsistemli deyil. Orada müxtəlif qruplar və dairələrin baxış bucaqları üst-üstə düşmür, əksinə toqquşma var. Ona görə də əminliklə deyə bilərik ki, ermənilər necə ki digər aktorlarla münasibətlərimizi korlaya bilmədilər, Bakının Avropa İttifaqı ilə əlaqələrini də pozmağa müəssər olmayacaqlar”.

Elə Zaur Məmmədovun sonda dediyi kimi, Azərbaycan güclü tərəfdir. Ermənistandan fərqli olaraq kiminsə qapısını döymür. Lazımlı tərəf olduğumuz üçün bizim qapımızı döyürlər. 44 günlük savaşda olduğu kimi Ermənistan yenə də Cənubi Qafqazdakı proseslərdə öz məqsədlərinə çata bilməyəcək:

“İndi də hər kəs yeni reallıqla barışacaqdır”, – deyə politoloq fikrini tamamlayıb.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*