“İrəvanın İranla narazılığı daha da artacaq” – AÇIQLAMAbackend

“İrəvanın İranla narazılığı daha da artacaq” - AÇIQLAMA

Ermənistanın qeyri-konstruktiv mövqeyi Cənubi Qafqazda sülhə təhdiddir. Havadarlarının dəstəyinə arxayın olan düşmən ölkə regionda müxtəlif təxribatlar törətməklə sülh müqaviləsinin imzalanmasını ləngidir. Eyni zamanda, gərgin vəziyyətdən istifadə edən düşmən ölkənin son addımları bölgədə müharibə riskini artırır.

Prosesləri KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Fransa və digər ölkələr sülh prosesini mümkün qədər əngəlləmək üçün vaxtı uzatmağa çalışırlar:

“Ermənistan da bunların ssenarisinə uyğun olaraq prosesləri uzadıb, sülh müqaviləsini imzalamaqdan yayınır. Ermənistanın təxribatçı davranışları sülh proseslərini dalana dirəyib”.
Politoloq Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsinə də toxunub. Qeyd edib ki, düşmən ölkənin bu addımı Rusiya ilə münasibətləri gərginləşdirib: “Ermənistanın bu addımı beş ildən bəri həyata keçirilən qərbyönlü siyasətin məntiqi nəticəsi kimi qəbul edilə bilər. Eyni zamanda, son dövrlər Ermənistan və Rusiya arasında münasibətlər kifayət qədər gərginləşib və diplomatik səviyyədə söz atışmalarının və qarşılıqlı ittihamların şahidi oluruq.

Paşinyan Rusiyanın onların təhlükəsizliyinə təminat verməməsini və Ermənistanın təhlükəsizliyi məsələsinin çoxşaxəli olmasını ön plana çəkərək, faktiki Ermənistanı KTMT-dən kənarlaşdırmaq istiqamətində işlər görür. Həmçinin, Rusiyanı onların təhlükəsizliyinə yetərli qədər dəstək verməməkdə günahlandırır və hesab edir ki, Ermənistanın təhlükəsizliyinə zəmanətlər olmalıdır. Paşinyan indi Qərbi Ermənistanın təhlükəsizlik qarantı kimi görür. ABŞ-la birlikdə keçirilən hərbi təlimlər də məhz bu məqsədi daşıyır”.

Hərbi təlimlərə İranın münasibətindən danışan Oqtay Qasımov bildirib ki, Ermənistanın bu addımından cənub qonşumuz da narahatdır: “İran 30 il müddətində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına hər cür dəstək verən ölkədir. Ötən ilin oktyabrında Zəngəzura və Ermənistanın digər ərazilərinə Avropa Birliyinin mülki missiyası adı ilə Fransa jandarması və alman polisləri yerləşdiriləndə də İranın məsələyə reaksiyası kifayət qədər sükutla müşahidə edilmişdi.

İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi kimi bəyan edərək, Zəngəzur dəhlizinin açılmasını “qırmızı xətti” elan etmişdi. Amma indi nə baş verir? İranın özünə yaxın hesab etdiyi Ermənistan onu da narazı salan siyasət aparır. İran hər zaman bəyan edirdi ki, bölgəyə kənar aktorların gəlməsinə qarşıdır, məhz bu iddialar və ittihamlar əsasən Azərbaycana qarşı yönəlirdi. Guya Azərbaycan kollektiv Qərblə əməkdaşlıq edir, İsrailin burada hansısa bazaları olması barədə böhtanlar uydururdu. Amma indi Ermənistanda konkret olaraq 9 gün ərzində Amerika ilə Ermənistan hərbçilərinin birgə təlimlərinin planlaşdırılması İran üçün ciddi mesajdır.

İran prezidentinin müavinlərindən biri bu məsələ ilə bağlı özünün narazılığını dilə gətirib və sosial şəbəkə platformasında bu narahatlığı ifadə edib. Bildirib ki, bölgədə əməkdaşlıq formatı üçün təklif var. Bu, 3+3 formatıdır. Bununla da İran kənar oyunçuların bölgəyə daxil olmasına qarşıdır. Dostlarının addımına İran ilkin narazılığını ifadə etdi. Və əgər bundan sonrakı dövrdə Ermənistanın siyasəti bu istiqamətdə davam edəcəksə, İranla aralarında narazılıq daha da artacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*