İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq məqsədilə gələn çərşənbə axşamı Pakistana səfər etməyi planlaşdırır. CNN telekanalının məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, heyətin tərkibi əvvəlki mərhələdə olduğu kimi qalacaq.
KONKRET.az xəbər verir ki, İslamabada gedəcək nümayəndə heyətinin tərkibində parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Araqçı yer alacaq. Mənbələr iddia edir ki, əgər təmaslar müsbət məcrada davam edərsə, tərəflər çərşənbə günü atəşkəs rejiminin müddətinin uzadılması barədə birgə bəyanat yayacaqlar.
Məlumatda həmçinin qeyd olunur ki, danışıqlar uğurla keçəcəyi və ABŞ Prezidenti Donald Tramp İslamabada səfər etməyə razılıq verəcəyi təqdirdə, İran Prezidenti Məsud Pezeşkian da görüşə qatılacaq. Bu halda tərəflər arasında “İslamabad bəyannaməsi”nin imzalanması gözlənilir. Qeyd edək ki, İran tərəfi hələlik ABŞ ilə yeni danışıqlar mərhələsinə razılıq verdiyini rəsmən təsdiqləməyib.
Natiq Səlim,
KONKRET.az
