İşləyən qadınlar daha çox xəyanət edir? — Psixoloqdan QALMAQALLI AÇIQLAMAbackend

İşləyən qadınlar daha çox xəyanət edir? — Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Son dövrlərdə münasibətlərdə xəyanət hallarının artması tez-tez müzakirə olunur. Bəzi iddialara görə, qadınlar əmək fəaliyyətinə daha fəal qoşulduqdan sonra bu göstəricidə artım müşahidə edilib. Həmçinin qeyd olunur ki, ötən əsrin ortalarına qədər qadınlar arasında xəyanət halları daha nadir idi, lakin indi bu nisbət kişilərlə demək olar ki, eyni səviyyədədir. Münasibətlərdə xəyanət hallarının artmasına təsir edən əsas sosial və psixoloji amillər hansılardır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, bu mövzuya emosional yox, psixoloji və sosial tərəfdən baxmağın tərəfdarıdır. Çünki xəyanəti tək bir faktorla – məsələn, qadının işləməsi ilə izah etmək həm sadələşdirmədir, həm də reallıqdan uzaq düşüncədir.

Dilruba Həsənovanın sözlərinə görə, psixoloji tərəfdən baxanda, xəyanət çox vaxt daxili boşluğun, bağlanma problemlərinin və emosional tənzimləmə çətinliyinin nəticəsidir.

“Güvənsiz bağlanma tərzi olan insan ya həddindən artıq təsdiq axtarır, ya da yaxınlıqdan qaçır. Münasibətdə emosional ehtiyac qarşılanmadıqda, beyin alternativ stimul axtarır. Yəni məsələ təkcə əxlaq yox, neyropsixoloji mexanizmdir”, – deyə psixoloq vurğulayıb.

Mövzunu sosial tərəfdən dəyərləndirən psixoloq əlavə edib:

“Sosial baxımdan münasibət modeli dəyişib. Keçmişdə ailə daha çox sosial institut idi – iqtisadi təhlükəsizlik və status əsas idi. İndi isə münasibət emosional təminat üzərində qurulur. İnsan həm sevgi, həm ehtiras, həm anlayış, həm də fərdi inkişaf gözləyir. Gözlənti artdıqca məyusluq riski də artır. Emosional savadsızlıq isə bu boşluğu dərinləşdirir.

Mental tərəfdan baxanda isə bizim cəmiyyətdə uzun müddət kişi xəyanəti normallaşdırılıb, qadın xəyanəti isə sərt şəkildə damğalanıb. Qadının iqtisadi müstəqilliyi artdıqca susma mədəniyyəti zəifləyir. Bu, artım effekti yaradır, amma əslində sosial balansın dəyişməsidir.
Bir də bugünki vəziyyəti daha qabardan sosial media var ki, xəyanət üçün əlçatan mühit yaradıb. İnsan real problemin üzərinə getməkdənsə, paralel emosional rahatlıq zonası qurmağa daha meyilli olur. Bu da münasibətdə məsuliyyətdan qaçmağı daha da asanlaşdırıb”.

Psixoloq D. Həsənova sonda qeyd edib:

“Mənim baxışım budur ki, xəyanət çox vaxt səbəb deyil, artıq mövcud olan emosional problemidir. Əgər münasibətdə dəyər görməmə, anlaşılmama, güc mübarizəsi və ya cinsi disharmoniya uzun müddət həll olunmursa, risk artır.
Yəni məsələ qadın və ya kişi deyil. Məsələ fərdin psixoloji yetkinliyi, bağlanma tərzi, sosial dəyişikliklərə uyğunlaşma səviyyəsi və münasibət mədəniyyətidir. Cəmiyyət sürətlə dəyişir, amma emosional hazırlıq eyni templə inkişaf etmir. Bu əsas dinamikanın pozulmasına şərait yaradır”.

Dəniz Pənahova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*