“Armeniya” blokundan parlament üzvü İşxan Saqatelyan ölkədəki mövcud siyasi kursu və hakimiyyətin xarici siyasət xəttini kəskin şəkildə tənqid edib.
KONKRET.az xəbər verir ki, bu barədə ermənilərə məxsus Telegram kanalı yazıb.
Saqatelyan bəyan edib ki, Nikol Paşinyanın yürütdüyü siyasət nəticəsində Ermənistan ciddi fəsadlarla nəticələnə biləcək ağır dalana dirənib:
“Aydındır ki, Rusiya bazasının Ermənistandan çıxarılması üçün hər şey ediləcək. Nikol Paşinyanın Ermənistanda Rusiya təsirini sıfırlamaq, o cümlədən hərbi bazanı ölkədən çıxarmaq öhdəliyi var – onu türk bazası ilə əvəzləmək üçün. Proses məhz bundan ibarətdir”.
Deputat qeyd edib ki, Rusiyaya ünvanlanan mesajlar kifayət qədər sərt olub: əgər baza ilə bağlı şantaj cəhdləri olarsa, onu dərhal çıxaracaqlar. Saqatelyan hakimiyyəti ölkəni daha ağır və miqyaslı avantüraya sürükləməkdə ittiham edərək vurğulayıb ki, baş nazir öz öhdəliklərini yerinə yetirməyə çalışır, lakin bunun bədəlini xalq ödəyir.
Ağagül Mürsəlov,
KONKRET.az
