Jukovun təyyarəsini qaçıran fotomüxbir, məmnun Stalin, qəzəbli marşal – Güllələnmə əmri və əfvbackend

Jukovun təyyarəsini qaçıran fotomüxbir, məmnun Stalin, qəzəbli marşal – Güllələnmə əmri və əfv

Cəbhə komandirləri, döyüşən hərbi birləşmələrin şəxsi heyəti onu yaxından tanıyıblar. Hərbi əməliyyatlar zamanı səngərlərdə, döyüş meydanlarında güllə yağışı altında əlində fotoaparat, bir çiynində avtomat, digər çiynində çanta, müharibə səhnələrini fotolentə köçürən Viktor Tyomin ən ağır şəraitlərdə belə öz vəzifəsinin öhdəsindən layiqincə gəlib.

“Pravda” qəzetinin fotomüxbiri olan Tyomin sovet-alman müharibəsinin son gününə qədər cəbhələrdə fəaliyyət göstərib, qəzeti davamlı olaraq müharibə fotoları və informasiyalarla təmin edib. Cəbhə bölgələrində yüksək vəzifəli hərbçilərlə daim yaxın ünsiyyətdə olan Viktor Tyomin Georgi Jukovla dost münasibətində olub. Amma müharibənin sonuncu günlərində fotomüxbirlə marşalın münasibətlərində gərginlik yaşanıb. Gərginlik o həddə çatıb ki, Jukov Tyomonin güllələnməsinə qərar vermək fikrinə də düşüb.

Qeyd edək ki, 1908-ci ildə Yoşkar-Ola şəhərində anadan olan Viktor hələ məktəb illərindən foto işinə maraq göstərib. Orta təhsilini başa vurduqdan sonra yerli qəzetlərdə fotomüxbir kimi işləməyə başlayıb. Foto sənətinə olan fərqli yaradıcı baxışları ilə o, həmkarlarından fərqlənib. Viktorun çalışqanlığı, zövqü, çəkilişlər zamanı ən maraqlı kadrları lentə almaq bacarığı mərkəzi mətbuatın diqqətindən yayınmayıb. 1930-cu illərdə Moskvada fəaliyyət göstərən ayrı-ayrı kütləvi informasiya vasitələrindən bir neçə təklif alan Tyomin “Pravda” qəzetini seçib. Müharibə başlananda redaksiya rəhbərliyindən könüllü olaraq cəbhələrdə fəaliyyət göstərməsini xahiş edib.

 

1945-ci ilin may ayının 2-də Jukov Reyxstaq üzərinə sancılan qələbə bayrağını çəkmək üçün Tyominə göstəriş verib. Bununla bağlı marşal Reyxstaq üzərində səmada kiçikhəcmli “PO-2” təyyarəsinin uçuşunun təmin edilməsi ilə bağlı ərazidə xidmət edən hərbi hava qüvvələrinin komandanlığına da əmr verib. Tyomin həmin təyyarə ilə Reyxstaq üzərinə qalxıb, bir dövrə edərək qələbə bayrağını lentə alıb.

Öz işindən razı qalan fotomüxbir fotonu “Pravda”nın redaksiyasına daha tez göndərmək üçün yollar fikirləşəndə ağlına qeyri-adi bir fikir gəlib. Əslində fotonu Moskvaya çatdırmaq üçün o, əvvəlcə Polşaya, oradan isə Moskvaya uçmalı imiş. Mövcud vəziyyətdə hava dəhlizləri məhz belə müəyyənləşib. Amma bu da kifayət qədər böyük vaxt tələb edib. Bunları düşünən Tyomin Berlin ətrafındakı hərbi səhra aerodromuna yollanıb. Jukovun xidməti istifadəsində olan təyyarənin pilotona təcili Moskvaya uçmaq lazım olduğunu söyləyib və bildirib ki, bu, marşalın əmridir.

Hərbi aerodromdan dispetçerlərə birbaşa Moskvaya uçmaq üçün hava dəhlizlərinin açılmasını məlumat veriblər və təyyarə Moskvaya istiqamət alıb.

Viktor Tyomin səhərə yaxın saat 5-6 radələrində redaksiyaya çatıb. Gətirdiyi şəkillər “Pravda”nın birinci səhifəsinə verilib.

Fotonun aşağı hissəsində kiçik şəkilaltı söz də yazılıb: “Foto marşal Jukovun əmri və xidməti təyyarəsi ilə redaksiyaya çatdırılıb”.

Artıq mayın 3-də səhər tezdən qəzet əllərdə gəzib. Gündəlik mətbuatı diqqətlə izləyən İosif Stalin də səhər saatlarında qəzetin birinci səhifəsindəki fotonu qürur hissi ilə seyr edib və köməkçisi Poskrebışevə “Pravda” qəzetinin baş redaktoru ilə telefon əlaqəsi yaratmağı göstəriş verib. Qəzetin baş redaktoru Pyotr Pospelov Stalinə zəng vurub. Stalin baş redaktorla yüksək əhvalla danışıb:

 

– Pyotr Nikolayeviç, “Pravda”nın bugünkü nömrəsi qürurvericidir. Qələbə bayrağının Reyxstaq üzərində dalğalanması fotosu müharibə tarixinin möhürüdür. Fotonun redaksiyaya çatdırılmasına görə mənim adımdan marşal Jukova minnətdarlığımı bildirin, fotomüxbirin dövlət təltifi ilə mükafatlandırılması üçün isə Kremlə təqdimat göndərin.

Artıq bu ərəfədə Viktor Tyomin 5 mindən artıq “Pravda” qəzetininin nüsxəsinin götürərək Jukovun təyyarəsi ilə Berlinə qayıdıb.

Jukov təyyarəsinin “qaçırılmasından” xəbər tutanda qəzəbini boğa bilməyib. Kiçik araşdırmadan sonra ona məlum olub ki, Tyomin onun adından istifadə edib. Marşal “Pravda” qəzetinin redaksiyasına zəng vuraraq baş redaktorla səsinin tonunu qaldıraraq danışıb:

– Mən sizdən tələb edirəm. Əməkdaşınızın həbs olunması və güllələnməsi üçün müvafiq qurumlara müraciət edin və bu haqda məni təcili olaraq məlumatlandırın.

Baş redaktor qəzəbli marşala mehribanlıqla cavab verib:

– Yoldaş marşal, təəssüf ki, sizin bu tələbənizi yerinə yetirə bilməyəcəyəm. Çünki sizdən əvvəl Stalin fotoya görə sizə minnətdarlığımı bildirməyi, foromüxbiri isə mükafatlandırmağı mənə göstəriş verib.

Bu qısa telefon danışığından çox keçməmiş Viktor Tyomin əlində bir dəstə qəzet Jukovun Berlindəki qərargahındakı kabinetİnə gəlib. Stalinin minnətdarlığını alan və bundan məmnun olan marşal qəzetin birinci səhifəsinə baxıb və üzünü təbəssümlə fotomüxbirə tutub:

– Xuliqanlığa görə güllələnmə, fotoya görə mükafat, təbrik edirəm!!!

Sonralar uzun illər marşal Jukovla fotomüxbir Tyomin ailəvi dostluq ediblər və hər görüşlərində bu hadisəni xatırlayıblar.

Arzu edək ki, bizim də müharibə tariximizdə bu cür xatırlanan qələbə qoxulu hadisələr olsun, Xankəndinin baş meydanında dalğalanacaq Azərbaycan Bayrağının fotosu “qaçırırılan” təyyarələrdə redaksiyalara çatdırılaraq mətbuatımızın bəzəyinə çevrilsin.

İlham Cəmiloğlu,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*