Jurnalistlərin minaya düşmə anı şok faktı təsdiqlədi – VİDEObackend

Jurnalistlərin minaya düşmə anı şok faktı təsdiqlədi - VİDEO

Ötən gün Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkət edən “Kamaz” markalı sərnişin avtobusunun minaya düşmə anının videosu bəzi ehtimalları gücləndirib.

KONKRET.az xəbər verir ki, avtobusda olan və yol boyu çəkilişlər aparan media nümayəndələrinin videusunda yolun ortasında yenicə qazılıb, sonradan örtülmüş “ağ ləkə” aydın görünür. “Kamaz” da məhz həmin qazılmış hissədən keçərkən mina işə düşür.

Bu isə artıq iki gündür minanın yeni basdırıldığı haqda səsləndirilən ehtimalları gücləndirib.

Qeyd edək ki, Azərbaycan Ordusu bir müddət öncə Kəlbəcər istiqamətində sərhədlərimizə daxil olaraq, mina basdıran 24 nəfərlik iki diversiya dəstəsini aşkarlamış, onlardan 6-nı yola mina döşəyərkən yaxalamışdı. Hələ o zaman bu diversiya əməliyyatının ilk olmadığı, ermənilərin Ordumuzun təminat yollarına mina döşəmək üçün gecələr diversiya həyata keçirdiyi ehtimalı yaranmışdı.

Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AzərTac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*