Rusiyanın Kamçatka diyarının Ust-Kamçatski rayonunda güclü yağışlar nəticəsində magistral yolun bir hissəsinin yuyulması səbəbindən fövqəladə vəziyyət elan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Kamçatka diyarı hökuməti məlumat yayıb.
Məlumata görə, “Milkovо–Klyuçi–Ust-Kamçatsk” magistralının 153–191-ci kilometrləri arasında hərəkət məhdudlaşdırılıb. Yolun 176–178-ci kilometrlərində bərpa işləri aparılır.
Güclü yağışlar və Studenaya çayının məcrasından çıxması nəticəsində Tolbaçik vulkanı ərazisində turist qrupları yoldan kəsilib. Son məlumata görə, ərazidə 149 nəfər, o cümlədən 117 turist bloklanıb. Turistlərin helikopterlərlə təxliyəsinə başlanılıb.
Çətin vəziyyətdə qalanlar arasında Azərbaycan vətəndaşı, animator Tatyana Dolivets də olub. O, sosial şəbəkədə paylaşımında 16 nəfərlik qrupla Tolbaçik yaxınlığındakı “Kleşnya” düşərgəsi ərazisində qaldıqlarını və yolun təxminən 30 kilometrlik hissəsinin yuyulduğunu bildirib.
Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu hadisədən xəbərdar olduqlarını və yerli qurumlarla əlaqə saxladıqlarını açıqlayıb.
Hazırda xilasedici və yol xidmətləri ərazidə iş aparır. Adi nəqliyyat üçün yol hələ də bağlıdır.
Günay Əli
KONKRET.az
