Kapitulyasiya aktı sülh müqaviləsinə çevrilə bilər – ŞƏRHbackend

Kapitulyasiya aktı sülh müqaviləsinə çevrilə bilər - ŞƏRH

Bakı gözləməyi bacarır; İrəvanın və Moskvanın düşünmək limiti isə bitib; Rusiya tələsməlidir, çünki…; nüfuzlu Qərb nəşri: “Qarabağda böyük quruculuq sonda erməniləri sülhə vadar edəcək…”.

Vətən müharibəsindəki möhtəşəm qələbəmizin ilk ildönümünə bir həftə qaldı. Bu tarix – noyabrın 9-10-u Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin növbəti üçtərəfli görüşü ilə də əlamətdar ola bilər. Hər halda, siyasi müşahidəçilər Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə belə yüksək səviyyəli təması kifayət qədər real hesab edirlər.

Putinin az öncə “Valday” Beynəlxalq Diskussiya Klubunda etdiyi məlum çıxış bu yöndə ehtimalları gücləndirib. Ən əsası, üçlü formatda daha bir görüşü zəruri edən mühüm amillər var. Onlardan biri və birincisi 10 noyabr üçtərəfli kapitulyasiya aktının iki əsas bəndinin hələ də yerinə yetirilməmiş qalmasıdır. Söhbət Zəngəzur dəhlizindən və Rusiya sülhməramlılarının nəzarətindəki ərazimizdə erməni qanunsuz dəstələrin tərk-silah edilməməsindən gedir.

*****

Son bir ildə Ermənistanın atdığı yeganə pozitiv addım öz hava məkanını Bakı-Naxçıvan reysləri üçün açması olub ki, bu da yetərli sayıla bilməz. Ona görə ki, 10 noyabr 2020 və 11 yanvar 2021-cü üçtərəfli yazılı razılaşmaların tələbləri böyük ölçüdə İrəvan və Moskva tərəfindən yerinə yetirilməmiş qalır.

Bu isə bölgədə daimi sülhə real təhlükə yaradır və təzə müharibə riskini artırır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina eləməyə davam eləməsi belə bir ehtimalı bir qədər də gücləndirir. Müharibə isə nə Rusiyaya, nə də ələlxüsus onun satelliti, ordusu darmadağın olunmuş Ermənistana sərf edir.

Lakin Azərbaycan sonsuzadək gözləyə bilməz. Əgər rəsmi Bakı 10 noyabr sənədi ilə üzərinə götürdüyü öhdəlikləri qüsursuz yerinə yetirirsə (Laçın dəhlizi və s.-lə bağlı), Moskva və xüsusən də kapitulyant ölkə haqda bunu söyləmək mümkün deyil. Halbuki onlar buna qat-qat çox borcludur. Çünki əks təqdirdə nələrin baş verə biləcəyi məlumdur. “Dəmir yumruq” yerindədir.

Sülh müqaviləsi uzaqda deyil! - Bakı və Moskva son dəfə saat əqrəblərini tutuşdurur

Söz düşmüşkən, “Global Firepower Index – 2021″ hərbi-analitik mərkəzin son hesabata əsasən, Azərbaycan dünyanın 63-cü ordusu ilə Cənubi Qafqazda ən güclü silahlı qüvvələrə malik dövlət olaraq qalır. Ermənistan 100-cü, Gürcüstan 92-cü yerdədir. Üstəgəl, bizim qardaş Türkiyə ilə ən yüksək səviyyədə hərbi-strateji müttəfiqliyimiz, Şuşa Bəyannaməsi mövcuddur…

*****

“Azad edilmiş torpaqlarda qurulacaq yeni şəhər və kəndlər, orada yaradılan şərait ermənilərin özlərini sonda sülhə vadar edəcək. Axırda ermənilər özləri məcbur olub qapıya gələcəklər ki, gəlin dost olaq. Bax, ən yaxşı siyasət də budur. Savaşa da ehtiyac qalmayacaq”.

Bu barədə Britaniyanın nüfuzlu “Financial Times” qəzetindəki məqalədə deyilir.

Proses buna doğru da gedir. Əslində İrəvanın Bakı və Ankara ilə anlaşmaq, sülh içində yaşamaqdan savayı yolu qalmayıb. Bunu Kremldə də anlayırlar. Onu da yaxşı bilirlər ki, 44 günlük müharibədən sonra Türkiyə real olaraq bölgədədir, Azərbaycanın yanındadır – özünün böyük hərbi və iqtisadi potensialı ilə.

Azərbaycan Prezidenti: "10 noyabr bəyanatı de-fakto sülh müqaviləsidir"

Yeni reallıq isə Rusiyadan real və çevik addımlar tələb edir. Moskva həm də tələsməlidir. Əks təqdirdə, onun regiondakı maraqları və Türkiyə ilə münasibətləri ziyan görə bilər. O münasibətlər ki, son illər hər iki tərəfin titanik səyləri nəticəsində xeyli dərinləşib, qardaş ölkə şimal qonşumuz üçün Güney Qafqaz da daxil, böyük bir bölgədə vazkeçilməz tərəfdaşa çevrilib…

*****

Öz növbəsində rusiyalı tanınmış analitik, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Evgeni Mixaylov hesab edir ki, “Rusiya Cənubi Qafqazda sülhyaratma prosesinin əsas moderatoru kimi və Qarabağ münaqişəsinin həllində əsas arbitrə çevrilən dövlət olaraq Bakı və İrəvan arasında imzalanmış 10 noyabr sazişinin sülh müqaviləsinə çevrilməsində ən çox maraqlıdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Minval.az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrəvana kifayət qədər vaxt verilmişdi ki, anlasın: “Ermənistan indi kimdənsə nəsə tələb edəcək bir durumda deyil. Və Mirzoyonların (xarici işlər naziri Ararat Mirzoyan nəzərdə tutulur – red.) və Ermənistan Xarici İşlər Nazirliyinin guya Əliyevlə Paşinyan arasında noyabrda Moskvada görüşün olacağı haqda heç nə bilmədikləri barədə bəyanatları da kimsəni təəccübləndirməsin. Bu, Ermənistan cəmiyyətinin bir hissəsi və siyasi isteblişmentndəki anti-Paşinyan əhval-ruhiyyəsi fonunda sadəcə, daxili siyasi oyundur”.

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham  Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş  keçirilib YENİLƏNİB VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Mixaylovun qənaətincə, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlayacaq və Paşinyan tarixə erməni dövlətinin “izqoy” və işğalçı ölkə kimi deyil, ona qonşularla sülh şəraitində yaşayan, beynəlxalq birliyin normal üzvü kimi mövcud olma şansı verəcək ilk erməni siyasətçisi kimi düşəcək.

Ekspert Moskva görüşündən sonra İrəvanda millətçilərin və revanşistlərin məşəl yürüşlərinin başlayacağına da şübhə etmir. “Ancaq bu, heç nəyi dəyişməyəcək. Tarixin təkərini geri çevirmək olmaz, çünki getdikcə daha çox erməni azərbaycanlılarla və türklərlə əbədi müharibənin ölümcül yol olduğunu dərk edir”, – deyə o vurğulayıb və əlavə edib ki, tərəflər arasında sülh müqaviləsi bu və ya digər şəkildə imzalanacaq və nəqliyyat dəhlizləri açılacaq: “Yeganə sual ondan ibarətdir ki, müqavilə hansı formada qəbul ediləcək – ilkin, yoxsa dəqiq dövlət sərhədləri təsdiq olunmaqla yekun sənəd kimi? Bunu bilmirəm, amma istənilən halda, Azərbaycan gözləməyi və Rusiya ilə dost münasibətdə qalmağı bacarır”.

*****

Bəli, qalib Azərbaycan gözləməyi bacarır. Lakin bunu erməni revanşist çevrələr və onların havadarları əsla zəifliyin yox, böyüklüyün əlaməti kimi, humanizmin, gücün və özünə inamın təzahürü kimi qəbul eləməlidir…

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*