Rusiya Silahlı Qüvvələri Kiyevdə hərbi sənaye kompleksinə və yanacaq-sürtkü materialları anbarına zərbə endirib.
KONKRET.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi zərbələrin yerüstü bazalı yüksək dəqiqlikli silahlarla qrup şəklində həyata keçirildiyi bildirilib.
Nazirlik yaydığı məlumata görə, hücum zamanı Kiyevdə hərbi sənaye kompleksinə aid obyektlər və hərbi məqsədlər üçün istifadə olunan logistika infrastrukturu hədəfə alınıb.
Qeyd edilib ki, zərbənin əsas məqsədi Ukrayna ordusunun hərbi təchizatını və yanacaq təminatını dəstəkləyən obyektləri sıradan çıxarmaq olub.
Ukrayna tərəfi də Kiyevə gecə saatlarında raket və PUA hücumları barədə məlumat yayıb. Şəhərin müxtəlif rayonlarında yanğınların baş verdiyi bildirilib.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, paytaxtın bir sıra rayonlarında hücumun nəticələri qeydə alınıb. Holosiivski rayonunda qeyri-yaşayış ərazisində, Obolonski rayonunda isə yanacaq çənlərinin yerləşdiyi ərazidə yanğın baş verib. Hadisə yerlərinə xilasedicilər cəlb olunub.
Ən ağır nəticələr Kiyev vilayətinin Brovarı rayonunda qeydə alınıb. Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində fərdi yaşayış evi, yardımçı tikililər və avtomobillər zədələnib. Qeyri-yaşayış binasının ərazisində də yanğın baş verib.
Tkaçenko bildirib ki, hücum nəticəsində 3 nəfər, o cümlədən bir uşaq həyatını itirib. Daha 3 nəfər yaralanıb və onların arasında da uşaq var.
Ukrayna rəsmilərinin məlumatına görə, gecə hücumu zamanı Kiyev vilayətinin digər ərazilərində də dağıntılar qeydə alınıb. Hadisələrin nəticələri ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.
Günay Əli
KONKRET.az
