“Kommersant”: Ermənistanın baş naziri ilə vidalaşırlar, amma o getmirbackend

"Kommersant": Ermənistanın baş naziri ilə vidalaşırlar, amma o getmir

Ermənistandakı qarşıdurma həlledici mərhələyə qədəm qoyur: İrəvanda şənbə günü 2018-ci il məxməri inqilabından sonra ilk dəfə olaraq on minlərlə insanın qatıldığı anti-hökumət mitinqinin iştirakçıları Baş nazir Nikol Paşinyandan çərşənbə axşamına qədər istefa etməsini tələb etdilər. Əgər istefadan imtina edərsə, müxalifət onu bütün ölkədə etiraz aksiyalarına başlayacağı ilə hədələdi. Bu arada Nikol Paşinyan istefaya getmək fikrində deyil. Hökumətdə və parlamentdə onun tərəfdarlarının çox olduğunu nəzərə alsaq, onu qanuni bir şəkildə yerindən tərpətmək olduqca çətindir. Bu, o deməkdir ki, hakimiyyət uğrunda mübarizənin nəticəsi etirazların kütləvi miqyasından və Nikol Paşinyanın küçə təzyiqinə tab gətirmə qabiliyyətindən asılı olacaq.

Ermənistandakı hökumət əleyhinə etirazlar 9-dan 10-na keçən gecə Moskva, İrəvan və Bakının döyüş əməliyyatlarının dayandırılması və Dağlıq Qarabağın Kəlbəcər, Ağdam və Laçın bölgələrinin Azərbaycana qaytarılması şərtləri barədə birgə anlaşmasından sonra başladı.

Ötən həftələrdə gücünü toplayaraq “Vətənin Qurtuluş Hərəkatı”nda birləşən Ermənistan müxalifəti xəyanət və təslimçilikdə günahlandırılan Baş nazir Nikol Paşinyanın vəzifəsindən kənarlaşdırılması üçün hərəkətə keçdi.

17 müxalifət partiyasının təşkil etdiyi mitinq başlamazdan əvvəl Nikol Paşinyan şənbə günü səhər facebook səhifəsində xalqa müraciət etdi. “Silahlı qüvvələrimiz Ermənistan sərhədi boyunca yerləşdirilib. Bundan sonrakı fəaliyyətlərimiz onu bir cəbhə xətti deyil, həqiqi bir sərhəd halına gətirməkdir. Bu günki yolumuz budur”,- deyən Paşinyan ehtirasları sakitləşdirməyə çalışdı. Müraciətindən az sonra o hökumət binasında itkin düşən və əsir götürülmüş hərbi qulluqçuların və mülki şəxslərin ailə üzvləri ilə görüşdü.

Nikol Paşinyan tarixdə heç kimin etiraz etmədiyi yeganə parlament seçkilərindən sonra qanuni bir şəkildə hakimiyyətə gəldiyini xatırlatdı. Və rəqiblərinə onu devirmək üçün əllərində heç bir qanuni təsir gücünün olmadığını söylədi.

Hökumət başçısının müraciəti ümumi əhval-ruhiyyəni, eləcə də Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan tərəfindən dəstəklənən etirazçıları əməlli-başlı qıcıqlandırdı. Keçmiş prezident Koçaryanın ofis koordinatoru “Paşinyanın çıxışı təəssüf doğurur”, – dedi.

Hökumət əleyhinə mitinq ərəfəsində 2018-ci il məxməri inqilabından sonra konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunan Robert  Köçəryan Ermənistanın “5” telekanalına verdiyi müsahibədə keçid hökumətinin başçısı postuna vahid müxalifət namizədi, keçmiş baş nazir Vazgen Manukyana dəstək verdiyini açıqladı. Və Nikol Paşinyanın istefasını tələb etdi: “Getsin. Təhlükəsizlik zəmanətinə ehtiyac duyarsa, ona belə zəmanətlər verilməlidir ”.

Başqa bir keçmiş prezident Serj Sarkisyan şənbə günü verdiyi açıqlamada daha sərt şəkildə Nikol Paşinyanı tənqid etdi. “Müstəqil Ermənistanın bütün keçmiş hakimiyyətləri tarixə torpaqları qazanan və azad edən, vətənlərini ləyaqətlə qoruyan rəhbərlər olaraq girəcəklər. Siz də öz kreslosu uğrunda müharibədə ləyaqətsiz bir şəkildə məğlub olan bir lider olaraq qalacaqsınız. “Artsax” və Ermənistanın təhlükəsizliyini ciddi şəkildə təhlükə altına atdınız və “Artsax” torpaqlarını təslim etdiniz. Və alnınıza bir xain və qorxaq damğası vurdunuz ”.

2018 məxməri inqilabından sonra yeni hakimiyyət orqanları tərəfindən təqib olunan keçmiş liderlərinin emosional çıxışları şənbə mitinqinin iştirakçılarına əlavə güc verdi. Müxalifətə görə ilk dəfə mitinq iştirakçılarının sayı 40 mini keçdi.

Mitinqi Azərbaycanın nəzarəti altına alan Dadivank monastırının rahibi Baba Hovhannes açdı. Duadan sonra kahin “xalqımız arasındakı parçalanmanı aradan qaldırmağa və ərazilərimizi geri qaytarmağa” çağırdı.

Mitinqdə çıxış edən Vətəni Qurtarma Hərəkatından baş nazir postuna vahid namizəd olan Vazgen Manukyan bildirdi ki, Nikol Paşinyan könüllü olaraq nə qədər tez istefa edərsə, onun üçün daha yaxşı olar.

“Hərəkat qazanmasa, qəzəbli insanlar onu parçalayacaq. Bizim hərəkatımız Ermənistandakı vəziyyəti sivil şəkildə dəyişdirməyə imkan verən yoldur”, – deyə Vazgen Manukyan bildirdi.

Mitinqdən sonra iştirakçılar Nikol Paşinyanın yaşadığı paytaxtın mərkəzindəki hökumət evlərinə yürüş edərək, “Nikol xaindir!” şüarlarını səsləndirdilər. Və “Nikol, get!”, – dedilər.

Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saxatelyan Nikol Paşinyana müxalifətin ünvanlanan tələblərini oxudu: “8 dekabr çərşənbə axşamı günü saat 12: 00-dan əvvəl istefa edin. Nikol, bu sənin hökumət bağında yaşadığın son saatlardır. Bizim bir tələbimiz var – Nikol getməlidir. İki məsələni – Nikolun gediş vaxtı və saatını müzakirə edə bilərik və xalqımızın ona qarşı fiziki zorakılıq tətbiq etməyəcəyinə söz verərik”. Onun sözlərinə görə, ultimatum yerinə yetirilməzsə, müxalifət ölkə daxilində vətəndaş itaətsizliyinə başlayacaq.

Erməni ekspert Qrant Mikelyan “Kommersant”a bildirib ki, “Ölkədəki vəziyyət son dərəcə qeyri-sabitdir. Baş nazir Paşinyan o qədər zəifdir ki, müxalifətin əvvəllər etdiyi səhvlərə baxmayaraq, hakimiyyəti əlində saxlaya bilməyəcək”.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı tədqiqatçısı Sergey Markedonov belə nəticələr çıxartmağa tələsməməyə çağırır. “Nikol Paşinyan ona etibar etməkdən imtina edən erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi qarşısında həqiqətən inamını itirdi. Eyni zamanda, qanunla hakimiyyətə gələn hazırkı baş nazirin qanunsuz devrilməsi cəhdini müşahidə edirik. Parlamentin, hökumətin, məhkəmələrin Paşinyan tərəfdarlarının əlində olduğunu nəzərə alsaq, qanuni bir prosedura riayət edərək onu hakimiyyətdən uzaqlaşdırmaq çox çətin olacaq. Beləliklə, erməni müxalifəti çətin sual qarşısında qalıb: Vətəndaş qarşıdurmasından qaçaraq, konstitusiya yolu ilə hakimiyyət dəyişikliyinə necə nail olmaq olar? ”

“Kommersant” qəzeti, 7 dekabr 2020

Tərcümə etdi: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*