İtaliya Bab əl-Məndəb boğazına hərbi gəmilər göndərir – Nə baş verir?backend

İtaliya Bab əl-Məndəb boğazına hərbi gəmilər göndərir - Nə baş verir?

İtaliya Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilərini Bab əl-Məndəb boğazına göndərməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Gvido Krozetto açıqlayıb.

Nazirin sözlərinə görə, Avropa İttifaqı səviyyəsində qərarın qəbul edilməsi gecikərsə, Roma təhlükəsizlik tədbirlərini müstəqil şəkildə həyata keçirəcək.

Krozetto bildirib ki, İtaliya donanması Bab əl-Məndəb boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək imkanına malikdir. O, ölkənin kəşfiyyat xidmətlərinin də hərbi qüvvələrə zəruri məlumatları təqdim edə biləcəyini qeyd edib.

Corriere della Sera qəzetinin yazdığına görə, İtaliya bölgəyə, o cümlədən freqatlar olmaqla, 4-ə qədər hərbi gəmi göndərə bilər.

İtaliya hökuməti hesab edir ki, bu qüvvələr Yəmənin “Ənsar Allah” hərəkatının bloklamağa cəhd göstərə biləcəyi təxminən 20 kilometrlik dəniz marşrutunun qorunması üçün kifayət edəcək.

Krozetto Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasa göndərdiyi məktubda dəniz marşrutunun təhlükəsizliyi ilə bağlı “effektiv və vaxtında qərarların” qəbul edilməsinin vacibliyini vurğulayıb.

Bildirilir ki, Aİ-nin “Aspides” missiyasının digər əsas iştirakçıları təhlükəsizliyin təmin edilməsinə qoşulmasa, İtaliya təkbaşına hərəkət edə bilər.

Roma həmçinin öz hərbi gəmilərinin digər Avropa ölkələrinin ticarət gəmilərini də müşayiət etməsini planlaşdırır. İtaliya xərclərin bir hissəsinin Aİ ölkələri arasında bölüşdürülməsinə ümid edir.

Məlumata görə, hərbi gəmilərin bölgəyə göndərilməsi məsələsi artıq İtaliya hökumətində əməliyyat mərhələsinə keçib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*