Rusiya ordusu son bir həftə ərzində Ukraynaya 2 mindən çox zərbə dronu, təxminən 1700 aviasiya bombası və müxtəlif tipli 19 raket atıb.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, istifadə olunan dronların əksəriyyəti reaktiv mühərrikli olub.
Zelenski hücumlar nəticəsində ölən və yaralananların olduğunu bildirib. O, ötən gün Xerson vilayətində Rusiya dronunun kişi monastırına zərbə endirdiyini və nəticədə bir din xadiminin öldüyünü, daha 4 nəfərin yaralandığını qeyd edib.
Bundan başqa, Xarkov, Sumı, Odessa, Dnepropetrovsk və Zaporojye vilayətlərində mülki və kritik infrastruktura, eləcə də yaşayış binalarına zərbələr endirildiyi bildirilib.
Ukrayna lideri həmçinin Vinnitsa, Kiyev, Jitomir və Çerkassı vilayətlərinin də hücumlara məruz qaldığını açıqlayıb.
Zelenski Ukraynanın tərəfdaşlarını Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.
“Hazırda təcavüzkara qarşı yeni sanksiya tədbirləri görmək və güc yolu ilə sülhə nail olmaq üçün münasib zamandır. Bunun üçün ABŞ-ın, Avropanın və “Böyük yeddilik” ölkələrinin imkanları var”, – deyə Zelenski bildirib.
Günay Əli
KONKRET.az
