“Koroğlu” stansiyasında nə baş verir?backend

“Koroğlu” stansiyasında nə baş verir?

Demokrat.az-a daxil olan müraciətdə bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasına girişin məhdudlaşdırıldığı bildirilib. Məsələnin mahiyyətini aydınlaşdırmaq və məlumatı dəqiqləşdirmək üçün Bakı Metropoliteni QSC ilə əlaqə saxlanılıb.

KONKRET.azın xəbərinə görə, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov sayta açıqlamasında deyib ki, metrodakı vəziyyətlə bağlı dünəndən etibarən məlumat paylaşılıb:

“Bu barədə “WhatsApp” qrupuna da məlumat yönləndirilmişdi. Bu gün isə iş günü olmasına baxmayaraq, şənbə günü prinsiplərinə uyğun qrafik tətbiq edilib. Bunun əsas səbəbi həm sərnişin axınının nisbətən seyrək olacağını nəzərə almaq, həm də əvvəlki gün baş vermiş texniki insidentlə bağlı araşdırma və zəruri tədbirləri daha operativ şəkildə həyata keçirməkdir. Əslində əvvəlcədən bu vəziyyət proqnozlaşdırılıb. Buna görə də bütün stansiyalara müvafiq tapşırıqlar verilib”.

Bəxtiyar Məmmədov bildirib ki, stansiya platformalarında sərnişinlərin həddindən artıq toplanması təhlükəli vəziyyət yarada bilər. Buna görə də giriş və keçid qapılarında sərnişin axını mərhələli şəkildə içəri buraxılır. Bu, metronun tam bağlanması demək deyil, sadəcə təhlükəsizlik məqsədilə həyata keçirilən tənzimləmə prosesidir. Axşam saatlarında sıxlığın yenidən artacağı gözlənilir və metropoliten rəhbərliyi bu vəziyyəti daim nəzarətdə saxlayır.

“Bu məqsədlə tənzimləmə prosesinə birbaşa giriş və keçid qapılarından başlanılıb. Məqsəd platformalarda ifrat yüklənmənin qarşısını almaqdır. Çünki belə hallar arzuolunmaz və təhlükəli nəticələrə səbəb ola bilər. Bu gün metrolara sərnişinlərin giriş-çıxışı təmin edilib. Axşam saatlarında bəzi stansiyalarda sıxlığın artacağı gözlənilir və bu səbəbdən tənzimləmə tədbirləri davam etdirilir. Girişlər tam bağlanmayıb, sadəcə olaraq platformalarda sıxlığın yaranmaması üçün sərnişin hərəkəti tənzimlənmiş şəkildə həyata keçirilir”.

Yəni, metronun “Koroğlu” və digər stansiyalarında sərnişinlərin içəri hissə-hissə buraxılması platformalarda sıxlıq və təhlükə yaranmaması üçündür.

Xatırladaq ki, ötən gün Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb isə dünən saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*