Koronavirusu bəhanə gətirən Putin niyə son anda KTMT-nin iclasında iştirakdan imtina etdi? – İLGİNC SƏBƏBLƏRbackend

Koronavirusu bəhanə gətirən Putin niyə son anda KTMT-nin iclasında iştirakdan imtina etdi? – İLGİNC SƏBƏBLƏR

Rusiya prezidenti Vladimir Putin bu gün koronavirusa yoluxduğunu açıqlayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılmaqdan imtina etdi. Putin tədbirdə şəxsən iştirak edə bilmədiyi üçün üzr də istədi. KTMT-yə sədrliyin Ermənistana keçdiyini nəzərə alsaq, Putinin sammitdə şəxsən iştirak etməməsi birmənalı qarşılanmayıb. Bir çoxları Rusiya liderinin koronavirusa yoluxduğuna inansalar da, bəziləri Putinin başqa səbəblərdən KTMT-nin iclasında iştirak etmədiyini bildiriblər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, KTMT-yə sədrliyin Ermənistana keçməsi, baş nazir Nikol Paşinyanın da tədbirdə iştirakını zəruri edib: “Lakin Ermənistanla Rusiya arasında siyasi məsələlərdə ciddi fikir ayrılıqları mövcuddur. Paşinyan Qərbin adamı kimi xarakterizə edilir. Əsas hədəfi isə Qərbə inteqrasiya etməkdir. Bundan əlavə Paşinyan hakimiyyətinin ilk illərində KTMT-nin baş katibini həbs etdirmişdi. Bu isə təşkilatın və Rusiyanın nüfuzuna böyük zərbə vurmuşdu. Bu nöqteyi nəzərdən yanaşsaq və rəsmi Moskvanın Paşinyanın oyun oynadığını bildiyini nəzərə alsaq, o zaman Ermənistana sədrliyin keçdiyi bele bir tədbirdə Putinin özünün iştirak etmədiyini düşünmək olar. Putinin bunu özünütəcridlə əlaqələndirməsini siyasi gediş də hesab etmək mümkündür. Çünki siyasətdə bu cür gedişlərdən geniş istifadə olunur”.

Məhəmməd Əsədullazadə - Publika.Az

Əsədullazadənin sözlərinə görə, ümumiyyətlə Ermənistan-Rusiya münasibətlərinin hazırkı dönəmdə yüksək səviyyədə olduğunu demək mümkün deyil: “Putin bununla göstərir ki, o Ermənistanın  KTMT-yə sədrliyinə etimad göstərmir. Ermənistan tərəfi çalışacaq ki, sədrliyi dövründə KTMT-nin nüfuzuna zərbə vursun və müəyyən təxribatlara əl atsın. Hesab edirəm ki, Paşinyan bu addımlara gedəcək. Çünki o hələ parlamentdə deputat olarkən Ermənistanın Avrasiya İttifaqından və KTMT-dən çıxmasını təklif edirdi. İndi vəziyyət elə gətirib ki, Ermənistan özü KTMT-yə sədrlik edir. Putin isə baş verənləri unutmur və bu tədbirə qatılmamaqla Ermənistanı iqnor edir”.

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, Putin COVID-19 pandemiyası başlayandan bir çox tədbirlərdə iştirakdan imtina edib: “Onun özünütəcrid siyasəti uzun müddətdir ki, davam edir. Bir çox dövlət başçıları və siyasətçilər Putinlə görüşdən həftələrlə əvvəl özlərini təcrid edirlər və həkim müayinələrindən keçirlər. Bildiyiniz kimi bu həftə Rusiya Dövlət Dumasına seçkilər keçirilir və hakim “Vahid Rusiya” partiyasının vəziyyəti elə də ürəkaçan deyil. Yəni əvvəlki seçkilərdən fərqli olaraq, liberal yönümlü və yeni partiyaların fəallığı Rusiya cəmiyyətində hiss olunmaqdadır. Təsadüfi deyil ki, seçkinin siması qismində hökuməti Lavrov və Şoyqu təmsil edir. Bütün bunlar isə hakim partiyanın daha çox səs toplaması üçün edilən cəhdlərdir”.

Matviyenko Bakıya hansı ismarıclarla gəldi - Politoloq AÇIQLADI

Politoloqun sözlərinə görə, hər bir halda KTMT Moskvadan gələn əmirləri yerinə yetirməkdədir: “Bu təşkilatın iclaslarında müzakirə edilən məsələlər o qədər də ciddi təsir mexanizminə malik deyil. Görünən odur ki, Putin videoformatda həmin tədbirdə iştirakı daha məqbul sayıb. Lazım olan mesaj və əmrlər Moskva vasitəsi ilə iclasda iştirak edən KTMT-yə üzv dövlətlərin liderlərinə çatdırılıb”.

Müşviq Tofiqoğlu

KONKRET.az     

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*