Hörümçəklərdən möhtəşəm kəşf: Təbiətin gizli meqapolisibackend

Hörümçəklərdən möhtəşəm kəşf: Təbiətin gizli meqapolisi

O, evinizin şkaf arxasındakı küncündə yaşayır. Siz onu evinizə dəvət etməmisiniz, onunla heç vaxt tanış olmamısınız. Amma o, sanki heç bir qarşılıq gözləmədən, evinizdə sanitar xidmətin öhdəsindən gəlir.

Söhbət ev hörümçəyindən (Tegenaria domestica) gedir. O, yaşayış evlərində ən çox rast gəlinən hörümçək növlərindən biridir. Bədəninin uzunluğu təxminən 1,5 santimetr, ayaqları ilə birlikdə ölçüsü isə 3 santimetrə çata bilər. Qəhvəyi rəngli, tüklü bədəni və kürəyindəki naxışları ilə asanlıqla seçilir. Ən maraqlısı isə budur ki, o, yaşadığı küncün əsl sahibinin özü olduğuna heç bir şübhə etmir.

Ev hörümçəyinin ov toru filmlərdə və şəkillərdə gördüyümüz klassik, dairəvi hörümçək torlarına bənzəmir. Bu, adətən otağın küncündə qurulan sıx, nizamsız tor parçasıdır. Onun dərinliyində isə qıf formasında xüsusi sığınacaq yerləşir.

Hörümçək həmin qıfın içində pusquda dayanaraq ovunu gözləyir. Milçək, ağcaqanad və ya başqa kiçik həşərat tora toxunan kimi saplar titrəyir. Hörümçək dərhal sığınacağından çıxaraq ovuna hücum edir. Bir neçə saniyə sonra isə yenidən öz yuvasına qayıdır. Bütün bu proses sizin televizorda hansı seriala baxacağınıza qərar verməyinizdən də az vaxt aparır.

Bəs vannada gördüyünüz hörümçəklər haqqında nə deyə bilərsiniz? Onlar ora çimmək və ya su içmək üçün düşmürlər. Sadəcə, hamar və sürüşkən səthdən çıxa bilmirlər. Emallı vanna onların ayaqları üçün əsl buz meydançasına çevrilir.

Ona görə də növbəti dəfə vannada hərəkətsiz qalmış hörümçək görsəniz, ona kömək etmək üçün bir vərəq və ya kiçik bir kağız parçası uzada bilərsiniz. Bu, sadəcə xırda bir yaxşılıq deyil, təbiətlə kiçik bir diplomatiya nümunəsidir.

Bəs ev hörümçəyi insanı dişləyə bilərmi?

Nəzəri olaraq, bəli. Lakin bunun baş verməsi üçün onu ciddi şəkildə sıxmaq və ya özünü müdafiə etməyə məcbur etmək lazımdır. Ev hörümçəkləri insanlara qarşı aqressiv deyillər. Dişləmə halları nadirdir və adətən ciddi tibbi fəsadlara səbəb olmur. Onun əsas müdafiə strategiyası hücum etmək deyil, təhlükədən qaçaraq gizlənməkdir.

Axı özündən minlərlə dəfə böyük canlı ilə mübarizəyə girməkdənsə, bir yarığa çəkilmək daha ağıllı seçimdir.

İndi isə ən maraqlı məqama gələk!

Adi şəraitdə tək yaşamağa üstünlük verən, hətta başqa hörümçəklərlə qonşuluğa da çox həvəs göstərməyən bu canlıların kollektiv şəkildə yaşaya bildiyini bilirdinizmi?

Yunanıstanla Albaniya sərhədində yerləşən bir kükürd mağarasında alimlər dünyanın ən böyük hörümçək torlarından birini aşkar ediblər. Təxminən 106 kvadratmetr sahəni əhatə edən bu nəhəng tor bütöv bir mənzilin ölçüsündədir. Onun üzərində isə təxminən 111 min hörümçəyin yaşadığı müəyyən edilib.

Daha təəccüblüsü budur ki, həmin koloniyada ev hörümçəklərinə yaxın olan Tegenaria domestica deyil, onunla birlikdə yaşayan başqa hörümçək növləri də mövcuddur. Tədqiqatçılar bu tapıntını adətən fərdi həyat tərzi keçirən iki hörümçək növündə kolonial davranışın müşahidə edilməsi baxımından mühüm elmi kəşf hesab edirlər.

Təsəvvür edin: tam qaranlıq, kükürd buxarları, adi canlıların yaşaması üçün əlverişsiz şərait və bu mühitin içərisində on minlərlə hörümçəyin birlikdə qurduğu nəhəng tor şəhəri…

Təbiət bəzən ən heyrətamiz möcüzələrini gözümüzün qarşısında, lakin heç fərqinə varmadığımız yerlərdə yaradır. Dünən süpürgə ilə evdən qovmağa çalışdığınız hörümçəyin növündən olan canlılar, məlum olur ki, minlərlə fərddən ibarət nəhəng koloniyalar qurmaq qabiliyyətinə malikdir.

Odur ki, növbəti dəfə evinizin küncündə hörümçək görəndə bir anlıq dayanıb düşünün: bəlkə də qarşınızda sadəcə dəvətsiz qonaq deyil, təbiətin ən səbirli və zəhmətkeş ovçularından biri dayanıb.

O, milçəkləri tutacaq, ağcaqanadları ovlayacaq, sizdən heç bir mükafat tələb etməyəcək. Bəlkə də elə həmin an öz kiçik torunun içində gələcək meqapolisinin planlarını qurur.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*