Çar nazirlərini öldürtdü, bolşeviklərə meydan oxudu, sonda Lubyankada öldübackend

Çar nazirlərini öldürtdü, bolşeviklərə meydan oxudu, sonda Lubyankada öldü

Boris Viktoroviç Savinkov (1879–1925) Rusiya inqilab tarixinin ən ziddiyyətli və müəmmalı simalarından biri olub. İnqilabçı, siyasi terror aktlarının təşkilatçısı, yazıçı və hərbi-siyasi xadim kimi tanınan Savinkov bolşeviklərin barışmaz düşmənlərindən idi. Onun həyatı gizli təşkilatlar, siyasi sui-qəsdlər və Rusiyanın taleyini dəyişdirmək uğrunda mübarizə ilə keçib. Lakin uzun illər çar polisinin təqiblərindən yayınmağı bacaran bu şəxs sonda Sovet xüsusi xidmət orqanlarının qurduğu mürəkkəb tələyə düşdü.

Savinkov inqilabi fəaliyyətə hələ gənc yaşlarında başlayıb. XX əsrin əvvəllərində Sosialist-İnqilabçılar Partiyasının Döyüş Təşkilatının aparıcı simalarından birinə çevrilib. Onun adı Rusiya imperiyasında baş vermiş iki məşhur siyasi terror aktı ilə bağlıdır: 1904-cü ildə daxili işlər naziri Vyaçeslav fon Plevenin, 1905-ci ildə isə böyük knyaz Sergey Aleksandroviçin öldürülməsi. Savinkov bu sui-qəsdlərin hazırlanmasında mühüm rol oynayaraq imperiyada inqilabi terrorun ən tanınmış təşkilatçılarından biri kimi ad çıxarıb.

Lakin Savinkov yalnız gizli təşkilatların üzvü və terror aktlarının təşkilatçısı deyildi. O, həm də ədəbiyyatla məşğul olur, V. Ropşin təxəllüsü ilə əsərlər yazırdı. 1909-cu ildə nəşr olunan “Solğun at” romanı onun inqilabi təcrübəsinin və dünyagörüşünün bədii ifadəsi idi. Əsərdə siyasi məqsədlər naminə zorakılığa əl atan insanın daxili ziddiyyətləri, mənəvi sarsıntıları və psixoloji dünyası əks olunurdu. Bu baxımdan Savinkov üçün ədəbiyyat həm də siyasi mübarizənin başqa bir ifadə vasitəsi idi.

1917-ci il Fevral inqilabından sonra Rusiyaya qayıdan Savinkov qısa müddətdə Aleksandr Kerenskinin rəhbərlik etdiyi Müvəqqəti Hökumətin siyasi elitasına daxil oldu. O, bir sıra mühüm vəzifələr tutdu, o cümlədən hərbi nazirin müavini kimi çalışdı. Həmin ilin avqustunda ölkədə güclü dövlət hakimiyyətinin bərqərar olacağına ümid edərək general Lavr Kornilovun mövqeyini dəstəklədi. Lakin Kornilovun çıxışının uğursuzluğa düçar olması Savinkovun Müvəqqəti Hökumətlə münasibətlərini kəskin şəkildə pisləşdirdi və onun siyasi mövqeyini zəiflətdi.

Bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra Savinkov silahlı müqavimətin əsas təşkilatçılarından birinə çevrildi. 1918-ci ildə onun iştirakı ilə Vətəni və Azadlığı Müdafiə İttifaqı yaradıldı. Təşkilat Yaroslavl, Rıbinsk və Murom şəhərlərində bolşevik hakimiyyətinə qarşı silahlı çıxışlar təşkil etdi. Lakin bu üsyanlar yatırıldı. Savinkov isə mübarizəsini dayandırmadı. O, xaricdə tərəfdarlar axtarır, Qərb dövlətlərinin nümayəndələri və kəşfiyyat dairələri ilə əlaqələr qurmağa çalışırdı. Bu əlaqələr arasında britaniyalı kəşfiyyatçı Sidney Reyli ilə əməkdaşlıq da xüsusi yer tuturdu.

1920-ci illərin əvvəllərində Savinkovun siyasi və hərbi imkanları getdikcə məhdudlaşırdı. Ağ hərəkat məğlub olmuş, mühacir təşkilatları əvvəlki nüfuzunu itirmiş, Sovet hakimiyyətini devirmək perspektivləri isə xeyli zəifləmişdi. Buna baxmayaraq, Savinkov Sovet Rusiyasında bolşeviklərə qarşı ciddi narazılığın mövcudluğuna inanırdı. Onun fikrincə, bu narazılıq düzgün təşkilatlanma və xaricdən dəstək sayəsində yeni üsyana çevrilə bilərdi.

Sovet xüsusi xidmət orqanları məhz Savinkovun bu inamından istifadə etmək qərarına gəldilər. OQPU-nun həyata keçirdiyi və tarixə “Sindikat-2” adı ilə düşən əməliyyatın məqsədi onu Sovet Rusiyası daxilində güclü bolşevik əleyhinə müqavimət hərəkatının mövcudluğuna inandırmaq idi. Artur Artuzovun rəhbərlik etdiyi xüsusi xidmət əməkdaşları ölkə daxilində guya fəaliyyət göstərən gizli təşkilat yaratdılar. Savinkova ötürülən məlumatlarda hərbçilər, dövlət məmurları və digər nüfuzlu şəxslər arasında Sovet hakimiyyətindən narazı qüvvələrin olduğu, onların vahid mübarizəyə hazırlaşdığı bildirilirdi.

Uzun müddət tərəddüd edən Savinkov nəhayət, 1924-cü ilin avqustunda Rusiyaya qayıtmaq qərarına gəldi. O, bir neçə silahdaşı ilə birlikdə sərhədi keçdi. Lakin bu səfər əvvəlcədən hazırlanmış xüsusi əməliyyatın tərkib hissəsi idi. Sərhədi keçməsinə kömək edən, yolboyu onu müşayiət edən şəxslər əslində OQPU-nun agentləri idilər. Savinkov ölkəyə daxil olan kimi həbs edildi. Beləliklə, uzun illər gizli mübarizə aparmış təcrübəli inqilabçı Sovet kəşfiyyatının qurduğu tələyə düşdü.

1924-cü il avqustun 29-da Savinkov ölüm cəzasına məhkum edildi. Lakin sonradan bu hökm on il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olundu. Sovet hakimiyyəti onun etiraflarından və əvvəlki siyasi fəaliyyətindən imtina etməsindən təbliğat məqsədilə istifadə etməyə başladı. Bolşeviklər üçün Savinkovun ictimaiyyət qarşısında məğlubiyyətini etiraf etməsi və keçmiş mübarizəsindən üz döndərməsi edam edilməsindən daha böyük siyasi əhəmiyyət daşıyırdı. O, artıq silahlı mübarizə aparan təhlükəli rəqib deyil, təbliğat vasitəsinə çevrilmişdi.

Savinkov ömrünün son aylarını Moskvadakı Lubyanka həbsxanasında keçirdi. Saxlanma şəraiti həmin dövrün siyasi məhbusları ilə müqayisədə müəyyən mənada fərqli idi: ona kitab oxumağa, yazı yazmağa və bəzi şəxslərlə ünsiyyət qurmağa imkan verilirdi. Bununla belə, onun siyasi mübarizəsi artıq başa çatmışdı. Bir vaxtlar Rusiyanın taleyinə təsir göstərə biləcəyinə inanan Savinkov indi məğlubiyyətlə üz-üzə qalmışdı.

1925-ci il mayın 7-də Savinkov Lubyanka binasının pəncərəsindən yıxılaraq həyatını itirdi. Rəsmi məlumata görə, o, intihar etmişdi. Lakin hadisədən dərhal sonra onun Sovet dövlət təhlükəsizliyi əməkdaşları tərəfindən pəncərədən atılması ehtimalı ilə bağlı şübhələr və fərziyyələr meydana çıxdı. Bu günədək ölümünün əsl səbəbini birmənalı şəkildə təsdiqləyən sübut yoxdur.

Boris Savinkovun həyat hekayəsi yalnız bir inqilabçının yüksəlişi və süqutu deyil. Bu, həm də özbaşınalığa və çar hakimiyyətinə qarşı mübarizə apararaq inqilaba qoşulan, sonradan həmin inqilabın yaratdığı yeni rejimin barışmaz düşməninə çevrilən bütöv bir nəslin faciəsidir.

Savinkov siyasi iradəyə, şəxsi qətiyyətə, gizli təşkilatların gücünə və silahlı mübarizəyə inanırdı. O, illərlə təqiblərdən yayınmış, sui-qəsdlər təşkil etmiş, üsyanlara rəhbərlik etməyə çalışmışdı. Ancaq həyatının sonunda özünün də ustalıqla istifadə etdiyi konspirasiya, aldatma və manipulyasiya üsullarını Sovet xüsusi xidmət orqanları daha böyük miqyasda və peşəkarlıqla tətbiq etdilər.

Beləliklə, bir vaxtlar çar imperiyasının ən təhlükəli inqilabçılarından biri hesab edilən Boris Savinkov sonda devirmək istədiyi Sovet sisteminin qurduğu oyunun qurbanına çevrildi.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*