Kreml Rusiyada pionerləri yenidən yaratmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, pionerlərin analoqu mayın 19-da – Ümumittifaq Pionerlər Təşkilatının 100 illik yubileyi günündə anadan ola bilər, müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim edilmək üçün hazırlanır. Layihə daha sonra təqdim oluna bilər, mayın 19-u tarixi müzakirə olunur.
Bu dəfə hökumət ölkədə pioner təşkilatı prinsipi əsasında uşaq və gənclərin yeni ümumrusiya hərəkatını təşkil etmək qərarına gəlib. Putin artıq bu ideyanı dəstəkləyib.
Sovet pioner təşkilatından fərqli olaraq, onun Rusiya reenkarnasiyasına üzvlük məcburi olmayacaq. Buna görə də yeni strukturu pionerlərin tam analoqu adlandırmaq düzgün deyil.
Yeni uşaq-gənclər strukturu həm məktəbliləri, həm də orta ixtisas təhsili müəssisələrinin tələbələrini əhatə edəcək və onun əsas vəzifəsi uşaq və yeniyetmələr arasında vətənpərvərlik, vətənə məhəbbət və vətəndaşlıq hislərinin tərbiyəsindən ibarət olacaq.
Məktəblərdə və orta ixtisas təhsili müəssisələrində hərəkatın hücrələri peyda olacaq. Eyni zamanda, müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi ilə yaradılan Rusiya məktəblilərin hərəkatı, “Böyük fasilə” və “Gənclər Ordusu” yeni strukturun əsasına çevriləcək.
Xuraman Etibarlı,
KONKRET.az
