Kreml Ukraynaya yenidən ŞƏRT QOYDU: Putin sülh ümidlərini necə puç edib?backend

Kreml Ukraynaya yenidən ŞƏRT QOYDU: Putin sülh ümidlərini necə puç edib?

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yenilənmiş sülh planı barədə ilk dəfə şərh verib. Lakin Sky News-un yazdığına görə, onun mətbuat konfransındakı bəyanatları Moskvanın konstruktiv görüntü yaratmaq cəhdlərinə baxmayaraq, hələ də kompromisə hazır olmadığını göstərir.

KONKRET.az xəbər verir ki, Putin Vaşinqtonun təklifini “gələcək razılaşmalar üçün əsas” adlandırsa da, dərhal əvvəlki kimi öz sərt territorial tələblərinə qayıdıb.

Çıxışının əvvəlində o, danışıqlara “ciddi hazır olduqlarını” bildirib, Donald Trampın planını “perspektivli” adlandırıb və Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etməyə açıq olduğunu deyib. Lakin əsas şərtlərdən danışılan kimi bu barışıq tonu dəyişib: Putin yenidən Krım və Donbas üzərində Rusiyanın suverenliyinin tanınmasını tələb edib. Məhz bu tələb sülh planının əvvəlki versiyasını Ukrayna üçün qəbuledilməz etmişdi. Son layihədən bu bənd çıxarılsa da, Rusiya lideri bunun yenidən gündəliyə qaytarılacağını açıq şəkildə göstərdi və kompromis üçün yer görmədiyini dedi.

Putin çıxışı zamanı həmçinin açıq hədə irəli sürərək bəyan edib ki, Ukrayna ordusu “hazırda nəzarətində saxladığı əraziləri tərk etməlidir”, əks halda Rusiya bunu “silah gücü ilə” təmin edəcək. O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyini yenidən sual altına qoyub ki, Kiyev bunu uzun müddətdir real dialoqdan yayınmaq cəhdi kimi qiymətləndirir.

Gələn həftə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri gözlənilir. O, növbəti məsləhətləşmələr turunu keçirəcək. Lakin Putinin son açıqlamalarından sonra müşahidəçilər ciddi irəliləyiş gözləmir. Sky News-un qiymətləndirməsinə görə, amerikalı diplomatın Kremlə yenilənmiş sülh planını qəbul etdirməsi çox az ehtimal olunur.

Putinin bəyanatları fonunda Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak açıqlama verərək bildirib ki, Kiyev sülh naminə öz ərazilərindən imtina etmək niyyətində deyil.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*