Kremlin “arsax” FƏALLIĞI: Azərbaycanı itirən Rusiya TDT-dən QORXURbackend

Kremlin "arsax" FƏALLIĞI: Azərbaycanı itirən Rusiya TDT-dən QORXUR

Rusiya Türk Dövlətləri Təşkilatının (TDT) KTMT və Avrasiya İttifaqının yerini tutmasına mane olmaq istəyir. Çünki Kreml sərhədboyu yaranan istənilən birliyi NATO təhdidi hesab edir.

KONKRET.az xəbər verir ki, Avropanın şərqində, yəni qərb sərhədlərində mühasirəyə düşən Rusiya buna cənub cinahlarında imkan vermək istəmir.

– Rusiya separatçı rejimə yolladığı Vardanyanı dəstəklədiyi vaxt, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Rikeri qəbul edib;

Hazırda internet əsri olduğu üçün insanlar televiziya və radioda eşitdikləri xəbəri 30 il əvvəlki kimi eyni mətni dərc edən qəzetlər vasitəsilə dəqiqləşdirmirlər. Hətta cəbhədə baş verənlərlə bağlı son xəbərləri erməni-rus, Avropa, türk KİV, sosial media, müxalif postlarla dəqiqləşdirmə kimi vərdişlər yaranıb. Yəni indi kimə desən ki, 1991-dən sonra SSRİ-dən çıxan Azərbaycan Rusiyanı saymır, adama cavab verərlər ki, “ətimi tökmə”. Camaat yalnız doğru informasiyanın izinə düşüb, “Avropa acından ölür” tipli məlumatlar 300 manat alan əhaliyə təsəlli vermir. Hər bir azərbaycanlı bilir ki, II Qarabağ müharibəsinə qədər ölkədə ən güclü təsir rıçaqları olan dövlət Rusiya olub. Heç kimə sirr deyil ki, Kreml Azərbaycandakı nüfuzunu qorumaq üçün “Nasosnu”ya raket ata, Naxçıvanda öz helikopterini qurban verə bilər. Ən nəhayətində sırf özünün vasitəçiliyi ilə İrəvan və Bakının üçtərəfli bəyanatına nail olub. Halbuki atəşkəsdən əvvəl masada Kreml ilə birgə Ankaranın da vasitəçiliyi var idi. Ən ideal və neytral variant kimi Gürcüstan da özünün vasitəçiliyini təqdim edirdi. Hətta sonrakı danışıqlar Brüssel-Vaşinqton formatına keçsə də, Putin tərəfləri yenidən Soçiyə qaytarmağa cəhd edib. Moskvanın Vardanyanı Qarabağdakı qondarma rejimə yollaması, orada Donetsk-Luqansk həmlələri etməsinin 2 əsas səbəbi var:

1. Azərbaycan Rusiya kursundan çıxmaq üzrədir;

Azərbaycanın müxalif partiya liderləri, bəzi ictimai fəallar, hətta eks deputatlara (Cümşüd Nuriyev) inansaq, Azərbaycan parlamentində Rusiyanın adamı olan deputatlar var. Və bu sindrom digər strukturlarda da sezilir. Lakin son vaxtlar Rusiyanın məsuliyyətsiz siyasi gedişləri, ağzınagələni danışması Azərbaycan mediası üçün hətta Putinin özünü sarkazm predmetinə çevirdi. Azərbaycandakı kadr islahatları, parlamentin yenidən buraxıla bilməsi ehtimalı ölkədəki rüşvətxorluqla mübarizə fonunda həm də Rusiyanın 5-ci kolonunun təmizlənməsidir. Putin bunu bilir. Ən azından onun Bakıdakı agenturası tədqiqat və hesabatlarını Kremlə yollayır, zəng vurub Peskov əmilərinin qulağına ağlayırlar. Rusiya da Azərbaycanda itən dayaqlarını bərpa etmək, yaxud öz şəbəkəsini həyatda saxlamaq üçün Bakını “arsax”la hədələyir. Lakin sözügedən metod Kremlin üsul-idarəsi kimi köhnəlib. Putinə kimsə başa salsın ki, nərd daşlarını futbolçu kimi düzüb top əvəzi kibrit qutusuna zərlə qol vurmaq dövrü qurtarıb. Camaat playstation, 3-4D oyunlara keçib. Yox, əgər sən Nuh əyyamında qalmısansa, şələ-şüləni də gəmiyə yığ və get Hitler kimi Antraktida, ya da Argentinada yaşa. Yəni Qarabağ Azərbaycandır və bu reallığı dəyişə bilməyəcəksiniz.

2. Putin TDT inkişafını əngəlləmək istəyir;

Türk Dövlətləri Təşkilatının üzvlük və fəaliyyət genişlənməsi ilə Orta Asiya da rubldan çıxacaq. Çinin Avropaya istiqamətlənən iqtisadi layihələri Rusiya yox, məhz Orta Asiyadan reallaşdırması sübutlardandır. Gələcəkdə TDT-NATO əməkdaşlığı, yaxud təşkilatın özünün hərbi-iqtisadi birliyə çevrilməsi bu ölkələrdə Rusiya asılılığının sonudur.

• Əslində Rusiyanın özü dövlət olaraq postsovet ölkələrindən asılıdır. Sadəcə, şovonist ruslar digərlərini borclu çıxartmaq, kələmyeyən özlərini aliləşdirmək üçün belə bir mənzərə yaradırlar ki, guya biz onlardan asılıyıq.

Kreml türk birliyinə mane olmaq naminə İrəvanla Bakı arasında sülhü gecikdirir, Zəngəzur dəhlizinin açılmasını yubadır, Qarabağdakı separatçılığı aktivləşdirir. Bundan başqa, Qazaxıstanın şimalına da az iddialı deyil. Sonra da gileylənirlər ki, bütün dünya rusa qarşıdır, hamı Kremli düşmən sayır. Necə olmalıydı ki?

• Qonşu evin dəhliz və ya otaqlarından birini öz evinə qatmaq istəyən qonşu yox, düşməndir.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*