Banklardan ŞOK qarət: Qul müqaviləsi ilə sahibkarları məhv edirlər!backend

Banklardan ŞOK qarət: Qul müqaviləsi ilə sahibkarları məhv edirlər!

Sistem əhəmiyyətli, yəni ölkənin üç ən iri bankından birinin sahibkara təqdim etdiyi kredit müqaviləsi layihəsi ilə tanış oldum. Dəhşətdir! Sanki bank ağadır, sahibkar isə qul, kölə!

KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bankların sahibkarlara təqdim etdiyi bu cür birtərəfli və qeyri-ədalətli müqavilə şərtləri ölkədə biznes mühitinə ciddi zərbə vurur və sahibkarların hüquqlarını tamamilə pozur: “Təqdim olunan kredit müqaviləsi layihəsində elə bəndlər yer alıb ki, onlar faktiki olaraq sahibkarı tamamilə bankın ixtiyarına buraxır və onu müdafiəsiz qoyur”.

Ekspert bildirib ki, müqavilədə göstərilən birinci müddəaya əsasən, “səlahiyyətli orqanların pul-kredit siyasətinin tələblərindən irəli gələn səbəblər nəticəsində mərkəzləşdirilmiş kredit ehtiyatlarına görə faiz dərəcələri dəyişdirildikdə və ya Azərbaycan Respublikası daxilində inflyasiyanın həddi yüksəldikdə faiz dərəcəsini kreditdən istifadə müddəti zamanı birtərəfli qaydada dəyişdirmək” hüququ nəzərdə tutulur: “İlk növbədə bu zırpı bankın savadsız rəhbərlərinə xatırladıram ki, “pul-kredit siyasəti” Rusiyada var, Azərbaycanın Konstitusiyası və qanunlarına görə isə “pul siyasəti” var. Rus kitabları əvəzinə bir dəfə də qanunlarımızı açıb oxusunlar! Daha sonra bu savadsızların diqqətinə çatdırıram ki, “mərkəzləşdirilmiş kredit ehtiyatları” adlı pul siyasəti aləti yoxdur. “Məcburi ehtiyatlar” adlı alət var! Ən əsası isə bu bənddən belə çıxır ki, sabah Mərkəzi Bank banklardan daha çox məcburi ehtiyat tələb etdikdə və ya ölkədə inflyasiya olduqda bank kredit üzrə faiz dərəcəsini istədiyi həddədək artıra bilər. Yəni heç dəhliz də müəyyən etməyiblər ki, məsələn, məcburi ehtiyat norması və ya inflyasiya bu qədər artdıqda, bank da filan miqyasda faiz dərəcəsini artıra bilər. Faktiki olaraq bu bank hər an sahibkara deyə bilər ki, bundan sonra faiz dərəcəsi 30, 40 və ya 50% olacaq, gəl ödə! Yazıq sahibkar nə etsin bu halda? Krediti vaxtından əvvəl qaytarsın? Necə? Pulu biznesə qoyub axı! Girovlarını dəyər-dəyməzə banka versin? Yəqin, məqsəd də elə budur: sahibkarları qarət etmək!”

Əkrəm Həsənov qeyd edib ki, müqavilənin digər bəndində də vəziyyət eyni dərəcədə təhlükəlidir: “Həmin bənddə yazılıb: ‘Kredit Azərbaycan manatı ilə verildiyi halda, Azərbaycan manatının, Müqavilə imzalandığı günə olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin hər 10% faiz həcmində aşağı düşməsi halında birtərəfli qaydada Kredit üzrə faiz dərəcəsini 2% faizədək artırmaq’. Yəni bank deyir ki, sabah devalvasiya olsa, mən də manat krediti üzrə faiz dərəcəsini artıracağam. Məsələn, sabah 1 dollar 2 manat olsa, yəni 15% ucuzlaşsa, bank kredit üzrə dərəcəni 3% artıra bilər. İndi mən sual verirəm: manatın dollara münasibətdə ucuzlaşmasının manat kreditinə niyə təsiri olmalıdır axı? Məgər sahibkar dollarla kredit götürüb? Müqavilədə bu cür müddəanın olması, özü də bunun sistem əhəmiyyətli bank tərəfindən edilməsi ölkənin maliyyə sisteminə qarşı edilən təxribatdır və insanlarda milli valyutanın sabitliyinə inamı sarsıdır. Ümid edirəm ki, dövlət qurumları bu bank barədə tədbir görəcək. Digər tərəfdən, devalvasiya onsuz da bu və ya digər şəkildə sahibkarın biznesi üçün problem yaradan amildir. Üstəlik kredit üzrə də daha yüksək faiz ödəməlidir? Yazıq sahibkar nə etsin bu halda?”

Ekspert əlavə edib ki, bankların tətbiq etdiyi cərimə və komissiyalar da vəziyyəti daha da dözülməz edir: “Müqavilənin 2.9-cu bəndinə görə, ‘Kredit alan tərəfindən Kredit verən qarşısında cari ana icra edilməli olan müvafiq ödəniş məbləğinin 3 mislindən çox məbləğdə qabaqcadan ödəniş edildiyi təqdirdə, hər ödənilən məbləğin 5 faizi məbləğində Kredit verən tərəfindən komissiya haqqı tutulur’. Yəni bank deyir ki, vaxtından əvvəl krediti qaytarsan, əlavə 5% də komissiya ödəməlisən. Başqa sözlə, bank inflyasiya bəhanəsi ilə istədiyi həddədək faiz dərəcəsini artıra bilər, devalvasiya səbəbi ilə də faiz dərəcəsini artıra bilər. Və bu hallarda sahibkar ziyanın yarısından qayıtmaq istəyib varidatını sataraq krediti vaxtından əvvəl qaytarmaq istəsə, əlavə 5% də ödəməli olacaq. Bu qarət deyilsə, bəs nədir? Bank özünün cəsarəti varsa, çıxsın ortaya və etiraf etsin ki, bəli, bu mənəm və sahibkarlara sırıdığı müqavilənin arxasında dursun. Cəsarəti yoxdursa, bundan sonra belə müqavilələr tərtib etməsin. Bankın rəhbərliyi isə lovğa-lovğa danışmaq əvəzinə bir az savadlansın heç olmasa… Bu bankla belə müqavilə bağlamış sahibkarlar əziyyət çəksələr, üz tutsunlar məhkəməyə. Bu bəndlərin etibarsız olduğunu sübut etmək olar, çünki bank aşkar şəkildə hökmran mövqeyindən sui-istifadə edir. Yeri gəlmişkən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi hara baxır?..”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*