Şimali Koreya Rusiyanın “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərini öz ərazisinə birləşdirilməsini dəstəkləyib.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz Rusiyanın tərkibinə daxil olmağa can atan “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin iradəsinə hörmətlə yanaşırıq. Rusiya hökumətinin yuxarıda göstərilən regionların öz tərkibinə qəbul edilməsi ilə bağlı mövqeyini dəstəkləyirik”, – bəyanatda bildirilib.
Eyni zamanda, KXDR ABŞ-ı BMT Təhlükəsizlik Şurasından istifadə edərək müstəqil ölkələrin daxili işlərinə qarışmaqda ittiham edib.
Qeyd edək ki, Vladimir Putin Sentyabrın 30-da “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında sazişlər imzalayıb. Oktyabrın 3-də Dövlət Duması yeni ərazilər haqqında müqavilələri ratifikasiya edib.
İqbal Rzayev,
KONKRET.az