Liderlərin görüşündə Makronun hansı maraqları var? – Bəyanatda Qarabağın adı çəkilmirbackend

Liderlərin görüşündə Makronun hansı maraqları var? - Bəyanatda Qarabağın adı çəkilmir

Makronun təşkil etdiyi Əliyev-Paşinyan görüşü və nəticələr…

Azərbaycan, Fransa, Avropa İttifaqı Şurasının prezidentləri və Ermənistanın baş nazirinin videoformatda görüşü keçirilib. Görüşün təşəbbüskarı Makrondur. Aİ-yə sədrliyi üzərinə götürən Fransa prezidentinin belə bir görüşün təşkilində maraqları var:

– Makron Merkeldən sonra Avropanın lideri olmaq istiqamətində çalışır;

– Münaqişənin həllindən uzaq düşdükləri bölgəyə Aİ-yə sədrliyi dövründə qayıtmaq istəyir; Burada əsas məqam “Fransanın prosesə qayıtması Minsk qrupu formatının dirilməsinə şərait yarada bilərmi” sualıdır. Bu sualın cavabına, eləcə də Makronun aktivləşməsi və görüşün keçirilməsinə Rusiya-ABŞ qarşıdurması kontekstində baxa bilərik: Paris və Berlin Moskvaya qarşı Vaşinqton cəbhəsində yer almır; burada enerji maraqları ilə yanaşı, NATO daxilində cəbhələşmə də həlledici rol oynayır və Makronun fevralın 7-də Putinlə görüşə hazırlığı, fevralın 15-də Şolzun Moskvaya planlaşdırılan səfəri də deməyə əsas verir ki, Rusiya ABŞ-la qarşıdurmada Avropa üzərindən bir addım öndədir; Və mümkündür ki, Makronun bunun qarşılığında ruslardan istədiyi məsələlərdən biri də münaqişədən sonra uzaq düşdüyü Cənubi Qafqazda aktivləşmək, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi iştirak etməkdir. Fransa prezidenti bununla:

– Avropanın yeni liderlik missiyasını gücləndirir;

– Aİ-yə sədrlik edən ölkə kimi Brüsselin Bakı-İrəvan xəttində vasitəçiliyini üzərinə götürür;

– Kiçik detal da olsa, prezident seçkiləri öncəsi bu gedişlər Fransadakı 700 minə yaxın erməni icmasının dəstəyini qazanmağa imkan yarada bilər; Moskva-Paris anlaşmasının tərkib hissəsi kimi görünən Fransanın proseslərdə iştirakı Rusiyanın maraqları kontekstində də diqqət çəkir:

– Ruslar ABŞ-a qarşı Avropadan cəbhə açmaq siyasətini genişləndirir;

– Aİ ilə Minsk qrupu formatına qarşı Qərbdə yaradılan alternativ Fransanın iştirakı ilə daha da güclənir;

– Minsk qrupunun iki həmsədr ölkəsinin Cənubi Qafqazda rusların vasitəçiliyi ilə əldə olunan reallığı qəbul etməsi digər həmsədr ölkənin – ABŞ-ın təklənməsi və bölgəyə müdaxilə imkanlarının zəifləməsi ilə nəticələnir;

Bu baxımdan, Fransanın görüşü Minsk qrupunun həmsədrindən daha çox, Aİ-nin sədri kimi təşkil etdiyini deyə bilərik. Makron və Şarl Mişelin görüşün yekunlarına dair birgə bəyanatında diqqətçəkən detallar da bu fikri önə çıxarır. Mişel və Makronun birgə bəyanatında:

1. Minsk qrupuna istinad edilmir;

2. “Dağlıq Qarabağ münaqişəsi” qeydi yoxdur, ümumiyyətlə Qarabağın adı çəkilmir; bu o deməkdir ki; – Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb;

– Fransa Minsk qrupunun həmsədri olaraq postmünaqişə dövrünün reallığını qəbul edir: bu, Bakının (həm də Moskvanın) Minsk qrupuna təqdim etdiyi postmünaqişə dövrünə dair fəaliyyət istiqamətinin Paris tərəfindən də qəbul edilməsi deməkdir;

3. Görüş və bəyanat postmünaqişə dövrünə həsr edilib: – Brüssel görüşündə əldə olunan razılaşmaların icrası; – Kommunikasiyaların açılması; – Sərhədin delimitasiya və demarkasiyanın həyata keçirilməsi; – Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların başlanması və s; Beləliklə, geosiyasi proseslərin yaratdığı mövcud şərtlərdə Bakının müharibədən sonra irəli sürdüyü gündəliyin Qərbdə də qəbul edilməsi prosesi sürətlənir.

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*